"Avropa çempionatında finala yüksəlmək istəyirik" - Azərbaycan milli komandasının baş məşqçisi
"Hazırlıq prosesindən tam razı qaldım. Oyunçularımız məşqlərdə əllərindən gələni etdilər. Məqsədimiz Avropa çempionatının qrup mərhələsini ilk sırada başa vurub finala yüksəlməkdir".
Mediasport.az xəbər verir ki, bu sözləri basketbol üzrə U-16 Azərbaycan millisinin baş məşqçisi Tahir Baxşıyev deyib.
Mütəxəssis Bakıda keçirilən təlim-məşq toplanışını dəyərləndirib. Hazırlığın yüksək səviyyədə keçdiyini bildirən çalışdırıcı rəqiblər barədə düşüncələrini bölüşüb:
“Bir neçə yoldaşlıq görüşü keçirdik. İyulun 8-də Albaniyaya yola düşəcəyik. Avropa çempionatında qrupdakı rəqiblərimizin gücünü yüksək qiymətləndirirəm.
Həm ev sahibi Albaniya, həm də Moldova yaxşı millilərdilər. Avropa çempionatının qrupunu birinci sırada tamamlayıb finala yüksəlmək istəyirik. Əsas heyətdə yer alacaq basketbolçuları müəyyənləşdirməmişik. Oyundan bir gün öncə keçirəcəyimiz iki məşqdən sonra bu barədə qərar verəcəm. Sonda onu demək istəyirəm ki, basketbolçularımızın gücünə inanırıq və onlarla birlikdə uğur qazanmaq niyyətindəyik".
Xatırladaq ki, yığma komandamız iyulun 9-dan 14-dək Albaniyanın paytaxtı Tiranada keçiriləcək Avropa çempionatının C divizionunda mübarizə aparacaq.