Azərbaycan çempionu müəyyənləşdi
Kişilər arasında həndbol üzrə Azərbaycan çempionatına yekun vurulub.
mediasport.az xəbər verir ki, son turlarda ən maraqlı görüşlər “İdman Akademiyası” ilə “Bakı” arasında olub.
Gərgin mübarizə ilə yadda qalan oyunun əsas vaxtı 39:39 hesabı ilə bitdiyindən penaltilərə ehtiyac duyulub. Zərbələri daha dəqiq yerinə yetirən “tələbələr” növbəti qələbəni rəsmiləşdiriblər – 42:41.
Turun digər oyunlarında “Məhsul” “Dinamo”ya 35:27, “Təhsil” RİOEUGİM-ə 28:13 hesabı ilə qalib gəlib.
“Bakı” ilə “İdman Akademiyası”nın 28-ci turdakı dueli də gərgin və maraqlı mübarizə şəraitində keçib. Bu qarşılaşmanın da əsas vaxtı bərabərliklə bitib – 35:35. Penaltilərdən bu dəfə daha yaxşı yararlanaraq “Bakı” istəyini reallaşdıra bilib – 37:36. “Dinamo” – “Məhsul” görüşü 13:17, RİOEUGİM – “Təhsil” matçı 19:24 hesabı ilə nəticələnib.
Yekun nəticələrə əsasən, kişilər arasında “İdman Akademiyası” 60 xalla Azərbaycan çempionu adına layiq görülüb. “Dinamo” 52 xalla ikinci, “Məhsul” 50 xalla üçüncü yeri tutub.
Qadınlar arasında mübarizədə isə “Azəryol” qızıl, “Qarabağ” gümüş, “İdman Akademiyası” bürünc medal qazanıb.
Çempionatlarda 7 kişi ("Bakı", "Təhsil", "Məhsul", "İdman Akademiyası", "Dinamo", RİOEUGİM, U-16) və 5 qadın ("Azəryol", "Qarabağ", "İdman Akademiyası", "Azərsu", U-16) kollektivləri mübarizə aparıblar.