Azərbaycanın ilk çempionu gənclər və idman nazirini sərt tənqid etdi

Azərbaycanın ilk çempionu gənclər və idman nazirini sərt tənqid etdi

“Fərid, bunu tez-tez dilə gətirirsən, gəncləri sağlam həyat tərzinə səsləyirsən, özünü gənclərə, cəmiyyətə başqa rakursdan təqdim etməyə çalışırsan. Amma yaxşı olar ki, özündən başlayasan”.

mediasport.az xəbər verir ki, bu fikirləri karate üzrə müstəqil Azərbaycanın ilk çempionu İlyas Xəlilov feysbuk profilində paylaşıb.

Veteran idmançı paylaşımında gənclər və idman naziri Fərid Qayıbovu sərt tənqid edib: “Fərid, sən bu fotoları sosial şəbəkələrdəki profilində paylaşıb, gimnastika sahəsində işləməmişdən əvvəl cəmiyyətə, əslində necə biri olduğunu göstərmisən. Siqaret çəkmisən, daha sonra siqara keçmisən və s. İdmançıların hamısı dopinq nəzarətindən keçirlər. Gəncləri normal həyat tərzinə çağırmazdan əvvəl özünüz testdən keçsəydiniz, pis olmazdı. Məncə, təfərrüata varmağa dəyməz. Mənim nə dərəcədə haqlı və ya haqsız olduğumu isə narkoloji dispanserin mütəxəssisləri müəyyən edə bilərlər.

Şəxsən mən açıq şəkildə bəyan edə bilərəm ki, siqaret çəkmişəm və hələ də çəkirəm, amma həyatımda heç vaxt narkotik istifadə etməmişəm. İstənilən vaxt testlər verə bilərəm. Maraqlıdır, bəs siz dopinq testdən keçib, cavabı şəxsi faylınıza tikə bilərsiniz? Kağız üzərində sizin idman sahəsində mütəxəssis olduğunuz, hətta elmlər namizədi olduğunuz göstərilir. Amma özünüz idmanla məşğul olmadığınızı, hətta idman haqqında heç bir təsəvvürünüzün olmadığını açıq şəkildə bildirmisiniz”.

Xəlilov daha sonra qeyd edib ki, yaxın günlərdə digər faktları da açıqlayacaq: “Fərid, təfərrüatları açıqlamağa dəyməz. Səninlə yol-yoldaşlığı edənin məni yaxşı tanıdığını özün də bilirsən. Bəli, sənin avropalı oğlan olduğunu hamı anlayır. İndiki gənclərə tez-tez Avropanı nümunə göstərirsən. Amma unutma ki, Azərbaycanın öz qanunları var və öz Avropa həyat tərzini gənclərimizə sırıya bilməyəcəksən. Ofisdə oturub məni müzakirə etməkdənsə, özünə baxıb düşünmək daha yaxşıdır. Satın alınan media vasitəsilə özünü cəmiyyətə olimpiya çempionu kimi təqdim edə bilərsən. Amma unutma ki, hamı bir-birini faktlarla tanıyır. Mən sizə hər şeyi açıq şəkildə sübut edəcəyəm. Məncə, məni başa düşdün”.