"Araz-Naxçıvan" və millinin üzvü: "Sözümüzü meydanda deyəcəyik”
“Mövsümün son oyundur. Bu matçı bizim üçün əhəmiyyətli edən bir neçə səbəb var".
Mediasport.az xəbər verir ki, bunu futzal üzrə son ölkə çempionu “Araz-Naxçıvan”ın kapitanı Emin Kürdov deyib.
"Baku Fire" ilə Azərbaycan Kubokunun finalına hazır olduqlarını qeyd edən millimizin üzvü sabahkı duel haqda fikirlərini bölüşüb:
"Araz-Naxçıvan" 15 ildir Azərbaycan Kubokunu qazana bilmir. Bu uğursuz seriyaya son qoymaq istəyirik. Digər tərəfdən, baş məşqçimiz Vitali Borisov debüt ilini dublla başa vurmaq niyyətindədir. İdmanda hər bir titul, uğur əzizdir, qiymətsizdir. Maraqlı qarşılaşma olacaq".
Rəqibə sətiraltı söz atan Kürdov bu mövsüm "Baku Fire" komandasına çempionatda məğlub olmadıqlarını vurğulayıb:
"Baku Fire” cari mövsümdə bizi məğlub edə bilməyib. Dörd dəfə üz-üzə gəlmişik, iki görüşdə heç-heçə qeydə alınıb, qalan matçlarda onları udmuşuq. Mövsümü major notlarla bitirmək istəyirik. Heyət olaraq matça tam hazırıq. Sözümüzü meydanda deyəcəyik”.
Qeyd edək ki, final sabah saat 14:00-da, Bakı İdman Sarayında keçiriləcək.
"CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq qarşılaşmaya giriş pulsuzdur.