Azərbaycanın boks milli komandası Avropa rekordunu təkrarlayıb

Azərbaycanın boks milli komandası Avropa rekordunu təkrarlayıb

Paris-2024 Yay Olimpiya Oyunlarına 4-cü lisenziyasını qazanan kişi boksçulardan ibarət Azərbaycan millisi Avropa rekordunu təkrarlayıb.

Mediasport.az xəbər verir ki, yığmamız bu nəticə ilə olimpiadaya ən çox lisenziya əldə edən Avropa ölkəsi adına şərik olub.

Azərbaycandan başqa, hələlik meydan sahibi Fransa və İspaniya "Paris-2024"də kişilərin mübarizəsində 4 çəki ilə təmsil olunmaq hüququna yiyələniblər.

Millimiz Parisdə 7 çəki dərəcəsindən altısında təmsil olunmaq şansını saxlayır.

Tailandda keçirilən lisenziya turnirində çıxışlarını davam etdirən Şamil Əsgərov (57 kq) və Alfonso Dominges (92 kq) Azərbaycanı rekordçu edə bilər.

Xatırladaq ki, komandamızın üzvlərindən Malik Həsənov (63,5 kq), Nicat Hüseynov (51 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) Olimpiya Oyunlarına lisenziya qazanıblar.