"Baş məşqçinin hesabatı dinləniləcək, sonra onunla bağlı qərar qəbul ediləcək" - MÜSAHİBƏ
Mediasport.az AFFA-nın baş katibi Sərxan Hacıyevin "Report"a müsahibəsini təqdim edir:
Milli AVRO-2024-ün seçmə mərhələsində səfərdə Estoniyaya (2:0) qalib gəlsə də, evdə Avstriyaya (0:1) məğlub oldu. Bu qarşılaşmalarla bağlı nə deyə bilərsiniz?
- Komandamız Estoniya ilə görüşdə yaxşı və mübariz oyun sərgilədi. Bunun nəticəsində qalib gəldilər və hər birimizi sevindirdilər. Növbəti qarşılaşmanın nəticəsi bizi məyus etdi. Komanda pis təsir bağışlamadı. Oyunun sonlarında heç-heçəyə nail ola bilərdik. Təəssüflər olsun ki, alınmadı. Sonda nəticə yadda qalır. Mənfi nəticəyə görə də məyus olduq.
Seçmə mərhələnin başa çatmasına iki matç qalıb. Yığmanın çıxışını qənaətbəxş saymaq olar? Bundan daha yaxşı nəticə əldə edə bilərdik?
- Son iki qarşılaşmanın da nəticəsini gözləyək. İsveçi Bakıda qəbul edəcəyik. Səfərdə isə Belçikanın qonağı olacağıq. Düşünürəm ki, komandanın çıxışı ilə bağlı bu matçlardan sonra fikir bildirilsə, daha məqsədəuyğun olar. Bu görüşlərdən sonra İcraiyyə Komitəsinin iclası gerçəkləşəcək. İlk növbədə baş məşqçinin hesabatı dinləniləcək. Ondan sonra mütəxəssislə bağlı qərarlar qəbul ediləcək.
AVRO-2024-ün pley-off mərhələsində iştirak etmək şansımız hələ də qalır. Bu prosesi izləyirsiz?
- Əlbəttə. Türkiyə millisi vəsiqəni təmin etdikdən sonra Lüksemburq və Yunanıstanın da nəticələrinə baxırdıq. Lüksemburq, demək olar ki, seçmə mərhələdən vəsiqə şansını itirib. Yunanıstanın taleyi isə öz əlində deyil. Yalnız Qazaxıstan qalıb. Şanslar çox olmasa da, ehtimal var. Məsələnin bu hissəsinə də nəzər yetiririk. Bunların hamısı müzakirə ediləcək.
Əvvəllər millidə legionerlərin azlığı önə çəkilirdi. Artıq yığmanın əksər futbolçuları ölkə xaricində çıxış edirlər. Bunu nəzərə alsaq, növbəti seçmə mərhələyə daha ümidli yanaşmaq olar?
- Bəli. Birmənalı şəkildə ümidli yanaşmaq olar. Bu il 10 futbolçumuz ölkə xaricində çıxış edir. Bu da sevindirici haldır. Ötən illərdə belə göstərici olmayıb. İndi bu məsələni müzakirə edirik. Əminliklə demək olar ki, oyunçular legioner həyatı yaşayarkən tez inkişaf etmək şansları çoxalır. Belə olduğu təqdirdə gələcək matçlarda bunun xeyrini görəcəyik.
"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin III turunda Almaniyada "Bayer"in qonağı olacaq. Qarşılaşma ilə bağlı nə deyə bilərsiz?
- Artıq "Qarabağ"ın qələbələrinə öyrəşmişik. Rəqibdən asılı olmayaraq, hər görüşdə qələbə gözləyirik. Sonda da bunun şahidi oluruq. Artıq iki görüşdə qalibiyyət əldə ediblər. Məşqçi heyətini, futbolçuları və rəhbərliyi bu münasibətlə təbrik edirik. Növbəti rəqib asan deyil. Almaniyanın məşhur klublarından biridir. Səmimi deyim ki, bu matçdan da yaxşı nəticə gözləyirik. "Qarabağ" artıq öz oyunu ilə göstərir ki, bunu bacara bilər. Əvvəlki illərdə də bunu edib. Həmin oyunları saymağa ehtiyac yoxdur. Adlı-sanlı komandalara qarşı oyunlarda böyükhesablı qələbələr görmüşük.
Azərbaycan Premyer Liqasında 10 tur geridə qalıb. Rəqabət sizi qane edir?
- Bu mövsüm ötən illərdən fərqlənir. Turnir cədvəlindəki hazırkı vəziyyətə öyrəşməmişdik. Bu, əslində bizi sevindirir. Çempionatımız güclənib. Artıq rəqiblər arasında elə də böyük fərq yoxdur. Düşünürük ki, belə olduğu təqdirdə futbolçular inkişaf edəcək və çempionatımız güclənəcək.
Bu mövsüm çempionatların sayı artıb. Ümumi mənzərə necədir?
- Müsbət tendensiyalar var. Hər liqanın öz reallığı var, müəyyən nüanslar yaşanmaqdadır. I və II Liqanı nəzərdə tuturam. Hərdən bəzi məqamlar gündəmə çıxır. Bu, normaldır. Gələcəkdə belə hallar azalacaq və olmayacaq. Hazırda işlər gözlədiyimiz kimi gedir. Komandalar arasında rəqabət görünür. Daha çox futbolçu peşəkar səviyyədə oynaya bilir. Bunun da müsbət təsirini görəcəyik.