“Qarabağ”ın iki imkanı oldu, hər ikisində qol vurdu" - Mark Tamaş
"Neftçi"nin müdafiəçisi Mark Tamaş Macarıstan mətbuatına açıqlama verib.
Mediasport.az xəbər verir ki, 30 yaşlı futbolçu uğursuz nəticələrə baxmayaraq, optimist olduğunu deyib.
Əvvəlcə "Qarabağ"la görüş haqda danışan Tamaş bildirib ki, mövsüm hələ yeni başlayıb və vəziyyəti dəyişəcəklərinə inanır:
“Əvvəlki çempionat matçlarındakı kimi, bu dəfə də kifayət qədər qol şanslarımız oldu. Təəssüf ki, yenə imkanları dəyərləndirə bilmədik. Artıq həftələrdir bu problemlə mübarizə aparırıq. Yaranmış vəziyyət bizi hədsiz dərəcədə əsəbiləşdirir. “Qarabağ”ın isə iki imkanı oldu, hər ikisində qol vurdu. Hücumçularımız effektli olsalar, turnir cədvəlində yuxarı pillələrə qalxmağa başlayarıq. Zərbələri qola çevirməməyimizin səbəbi ustalıq problemi və ya konsentrasiyanın olmaması deyil. Sadəcə, uğursuzluq zolağındayıq. Bəzən topu qapı dirəyinə vururuq, bəzən rəqibin qapıçısı belə topu necə qaytaracağını bilmir. Yenə də üzərimizdə çox çalışmağımız öz bəhrəsini verəcək. “Səbail”lə növbəti turun oyununda uğurlu seriyaya başlayacağımıza inanıram”.
O, baş məşqçi Adrian Mutunun komandanı bu vəziyyətdən çıxaracağını düşünür: “Əvvəlcə Konfrans Liqasında, ardından isə çempionatda oynamaq şansı qazandım. Buna görə çox şadam. Baş məşqçimiz mənə güvənir. Klub rəhbərliyi də ona inanır. Ötənlərin məşhur hücumçusudur. Əminəm ki, komandanı yaxşı mənada düzəltməyin yolunu tapacaq. Bəlkə də hücumçularımız özünəinam hissi qazanmaq üçün məşqdə boş qapıya zərbələr vurmalı olacaqlar”.
Tamaş Macarıstan millisinə çağırılmaması barədə bunları deyib: "Normal qarşılayıram. Komandamız son vaxtlar sabit və uğurlu çıxış edir. Dəvət almayacağımı təxmin etmişdim. Yenə də adlar oxunanda insan öz adının səslənəcəyini gözləyir. Mənim işim yaxşı futbol oynamaq və əlimdən gələni etməkdir. Təslim olmayacağam”.
Qeyd edək ki, “Neftçi” hazırda 12 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.