"Təklif alanda qısa araşdırma apardım, komanda maraq yaratdı"
"Araz-Naxçıvan"ın yeni transferi Karlos Jatoba klubun rəsmi saytına açıqlama verib.
Mediasport.az xəbər verir ki, o, Muxtar Respublika təmsilçisinə keçidi barədə fikirlərini bölüşüb:
"İstənilən futbolçu yeni çağırışlara hər zaman hazır olmalıdır. Təklif alanda qısa araşdırma apardım, komanda maraq yaratdı. Planlarla tanış oldum, klubun böyümək istiqamətində çalışdığını gördüm. İddialı olmasını bəyəndim. Bir neçə gündür Bakıdayam, heyrətamiz şəhəriniz var. Burada olmaqdan xoşbəxtəm".
İlkin təəssüratlarını da bölüşən yarımmüdafiəçi uğur qazanmaq üçün birlik olmağın önəmini vurğulayıb:
"Yaxşı məşqçilər korpusu və futbolçu heyətimiz var. Əgər bir olsaq, bir-birimiz üçün meydanda "döyüşsək", mübarizə aparsaq, sığortalaya bilsək, yaxşı nəticələr qazanacağıq".
Jatoba Azərbaycan çempionatı haqda da danışıb:
"Son mövsümün gərgin keçdiyini bilirəm. Premyer Liqada oyun sayı çoxdur. Buna görə də yaxşı hazırlaşmalıyıq. Bunun öhdəsindən gələ biləcək fiziki hazırlıq məşqçimiz var. Onun tapşırıqlarını icra etməklə fiziki planda yaxşı hazırlaşa biləcəyimizi düşünürəm. Çempionatın ilk 2 turu isə çox önəmlidir. Rəqibin kimliyindən asılı olmayaraq, hər iki matçda qələbə qazanmalıyıq".