Həvəskar Region Liqasını təşkil edə bilməyənlər Azərbaycan futbolunu inkişaf etdirəcəklər?
Yanvardan bu yana gözlənilən AFFA-nın İcraiyyə Komitəsinin iclası, nəhayət, baş tutdu.
Artıq vərdiş etdiyimiz formada - gizli qapılar arxasında 4-5 saatlıq toplantı ilə qlobal qərarlar alındı.
Mediadan maksimum uzaq gəzən federasiya və İK son 15 ildə bir gündə bu qədər ciddi islahatlara getməmiş, belə ağır addımlar atmamışdı, açığı.
İlk günlərdə "Azərbaycan futbolunun inkişafı yolunda ciddi çəkiyə sahib mətbuatla ədalətli formada əməkdaşlıq edəcəyik" tipli açıqlamalar verən, qısa müddət sonra 40-dan çox baş redaktorla görüşən AFFA rəhbəri Rövşən Nəcəf sonradan kölgəyə çəkilsə də, peşəkarlığa söykənərək, qəti qərar çıxarmaq üçün müşahidələrimizi davam etdiririk.
SOCAR bossunun futbolda rəhbərliyə gəlməsinin ili çıxmayıb hələ.
Bəli, rellaşdırmaq istədikləri layihələrin məğzinə baxanda görüntü olaraq adamların ortaya iş qoymağa can atdıqları müşahidə edilir.
Lakin yeni rəhbərliyin təxminən geridə qalan 10 ayda əsasən quruca açıqlamaları, xüsusən, mətbuatdan yan gəzmələri istər-istəməz ümidsizlik yaradır.
AFFA İK 2-3 gün əvvəl eyni gündə çox mühüm, bir-birindən sanballı qərarlar verdi - Azərbaycan futbolunun inkişafına dair strategiya təsdiqləndi, qarşıdakı mövsümdən Premyer Liqada klub sayı artırılacaq və əsas çempionatda legioner limiti ləğv edildi.
Belə baxanda avazları həqiqətən möhtəşəm gəlir, ancaq oxuduqları Quran olsa...
Bu mənada təqdim edilən layihələrin uğurlu olub-olmayacağı bir kənara, hətta həyata keçiriləcəyi belə, artıq şübhə doğurur. Niyə?
Niyəsini biz deyək.
Azərbaycanda futbol adına bütün əsas çempionatların təşkilini həyata keçirən qurum federasiyanın tərkibində uğurlu fəaliyyəti ilə seçilən Peşəkar Futbol Liqasıdır. Və vicdanla danışsaq, öhdəliklərini artıqlaması ilə yerinə yetirirlər.
Birbaşa AFFA-nın kurasiyasında olan isə "yetim" Region Liqasıdır - bu günü bilinmir, sabahı da qaranlıq. Aşağı yaş qrupları üzrə U liqalarından danışmayacağıq, orada durum zatən sıfırın altındadır. İnfrastruktur, təşkilatçılıq, idarəçilik və.s. həqiqətən bərbad vəziyyətdədir. Cırıq top, hakimin azyaşlı uşaqları söyüb təhqir etməsi kimi nümunələr onlarladır və belə neqativ məqamlar olan yerdə İNKİŞAFın özəyi sayılan uşaq futbolundan danışmaq ən azından ayıbdır!
Ona görə milyonlar verib bizim illərdir dediklərimizin toplusundan ibarət İnkişaf Strategiyası yazdıran AFFA-nın 4 aydan çoxdur startını gecikdirdiyi Region Liqasının keçirilməməsinə ad vermək də olmur. Necə izah edək ki, məsələ haqda rəsmi səviyyədə aylardır bir kəlmə açıqlama vermirlər.
AFFA-dan kimə buna dair sual ünvanlayırsan - yaxasını kənara çəkib yola verir, başından edir. Günü-günə calayan federasiya və bütün cavabdeh rəsmilərinin birinin cəsarəti də yoxdur, çıxıb desin, Region Liqasını ləğv etdik, keçirmirik, vəssalam.
Oktyabrın əvvəlindən keçiriləcəyini dedikləri və demək olar, bütün Azərbaycanı əhatə edən Region Liqasının, fevralın ortasına çatırıq, hələ də işıqlı günə həsrət qalması, əslində, milyon sual yaratmalıdır və yaradır da.
Amma dediyimiz kimi, suala cavab verən, verə bilən yoxdur axı. Ümumiyyətlə, AFFA-da suala cavab verən var?
Yalandan aylardır "Daha yaxşı formada keçirmək üçün işlər görülür, texniki məsələlər həll edilir" kimi açıqlamalar ağ yalandır, fakt budur.
İndi deyin, həvəskar səviyyə və statusda olan çempionatı keçirə bilməyən federasiyanın o boyda LAYİHƏni reallaşdıracağına kim inanar? Necə inanmaq olar, ümumiyyətlə?!
Siz düşünün, biz mövzunu davam etdirəcəyik...
Mediasport.az