"Xorvatiya ilə oyunda kobud səhvlər edib qollar buraxdıq"

 "Xorvatiya ilə oyunda kobud səhvlər edib qollar buraxdıq"

Avropa çempionatının əsas mərhələsi çərçivəsində futzal üzrə Azərbaycan millisi sabah Yunanıstan yığması ilə qarşılaşacaq.

Mediasport.az xəbər verir ki, Bakı İdman Sarayında saat 20:00-da start götürəcək oyunun hazırlığını komandamız bu gün matçın keçiriləcəyi arenadakı çalışması ilə yekunlaşdıracaq.

Komandanın aparıcı üzvlərindən Ülvi Əliyev komandadakı son durumla bağlı federasiyanın mətbuat xidmətinə açıqlama verib:

“Xorvatiya ilə oyun düşündüyümüz şəkildə keçmədi. Kobud səhvlər etdik və ardıcıl qollar buraxdıq. Bir qədər diqqətli və dəqiq oynaya bilsəydik, hesab fərqli olacaqdı. Qrupumuzun favoriti olan Xorvatiya millisi Avropanın güclü yığmalarından, sonuncu dünya çempionatının iştirakçılarındandır.

Dünəndən məşqlərimizi Bakıda davam etdiririk. İki məşq keçmişik. Bütün diqqətimizi Yunanıstanla oyuna yönəltmişik. Uşaqlar məşqlərdə həvəslə çalışırlar. Hər birimiz qələbə qazanmaq və Xorvatiya ilə matçdakı yenilgini unutdurmaq istəyirik. Düzdür, az da olsa yorğunluq var idi. Çalışdıq bərpa prosesini yaxşı keçək.

Yunanıstan millisi qrup oyunlarına qələbə ilə başlayıb. Ümumiyyətlə, indi futzalda zəif rəqib yoxdur. 2 gün əvvəl keçirilən matçların nəticələrinə baxsaq, sürpriz hesablar görərik. Bu dəfə öz meydanımızda oynayacağıq. Azarkeşlərimizə səslənirəm ki, oyuna gəlsinlər, dəstəklərini əsirgəməsinlər. Onların tribunadan hər hayqırışı gücümüzə güc qatır. Onları sevindirmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik”.