AFFA prezidentinin İnkişaf Strategiyası ilə bağlı FİKİRLƏRİ
"AFFA-nın İnkişaf Strategiyası Azərbaycan futbolunun bütün səviyyələrdə dinamik, davamlı və dayanıqlı inkişafını təmin etmək məqsədilə hazırlanıb".
Mediasport.az xəbər verir ki, bu fikirlər AFFA-nın İnkişaf Strategiyasının ön söz hissəsində yer alıb.
Qurumun prezidenti Rövşən Nəcəf İnkişaf Strategiyası barədə fikirlərini bölüşüb:
"Kütləvi futbol proqramlarından tutmuş, kişi və qadın milli komandalarımıza qədər, bu strategiya futbolun insanları birləşdirmək, ruhlandırmaq və həyatlarını dəyişdirmək gücünü təcəssüm etdirən bir mədəniyyətin formalaşdırılmasına yönəlmişdir.
Strategiya və onunla əlaqəli təşəbbüslərin diqqət mərkəzində futbolun populyarlığının artırılması, zəruri insan kapitalının hazırlanması, regionlarda uşaq futbolunun inkişafı, infrastruktur quruculuğu, maliyyə dayanıqlığının artırılması, inklüzivliyin və sosial məsuliyyətin təmin edilməsi istiqamətində görülən işlərdir.
İnanırıq ki, bu səylər yalnız futbol ekosisteminin bütün iştirakçılarının inkişafına və keyfiyyətcə yeni rəqabətə davamlı keyfiyyət səviyyəsinə çatmasına töhfə verməklə məhdudlaşmayacaq, eyni zamanda futbolun insanları birləşdirməyə qadir enerjisindən, ictimaiyyətin dəstəyindən istifadə edərək cəmiyyətimizə sevinc, qürur və idmana sevgi hisslərini bəxş edəcəkdir.
Biz birlikdə güclüyük və ambisiyalı hədəflərə çatmağa qadirik!"
Xatırladaq ki, dünən AFFA İcraiyyə Komitəsinin iclası baş tutub. Toplantıda Azərbaycan futbolunun "İnkişaf Strategiyası"na dair proqram təsdiqlənib.