"Sərhədçi" PÇL-də çempion oldu
Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə keçirilən Peşəkar Çövkən Liqasında mövsümə yekun vurulub.
Mediasport.az xəbər verir ki, Binə Atçılıq Mərkəzinin qapalı manejində son turun oyunları, 3-cü yer və çempionluğu müəyyən edəcək həlledici qarşılaşmalar baş tutub.
Günün ilk görüşündə “Elit” komandası “Şirvan”ı 5-0 hesabı ilə məğlub edib.
Növbəti qarşılaşmalarda “Omar” “Qarabağ”ı 7, “Zəfər” “Ağstafa Dilbaz”ı 5, “Polad” “Köhlən”i 12 cavabsız qolla üstələyib.
Mövsümün final matçında “Sərhədçi” “Embavud” üzərində 13-0 hesablı qələbə qazanaraq çempionluq tituluna yiyələnib.
18 tur ərzində keçirilmiş ümumilikdə 90 oyunda əldə edilən nəticələrə əsasən, Peşəkar Çövkən Liqasını “Sərhədçi” birinci, “Polad” ikinci, “Zəfər” üçüncü pillədə başa vurub.
Qeyd edək ki, dekabrın 14-24-də çövkən üzrə ənənəvi Prezident Kuboku keçiriləcək.