"Heç-heçəni çox pis nəticə hesab edirəm" - Millimizin baş məşqçisi
"Meydana qələbə qazanmaq üçün çıxmışdıq. Oyuna da yaxşı start vermişdik. Heç-heçəni çox pis nəticə hesab edirəm".
Mediasport.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Vitali Borisov deyib.
Mütəxəssis AVRO-2026-nın V qrupunun Yunanıstanla ev görüşü haqda danışıb:
"Erkən qol vurduq. Sonra real şansımız oldu. Bundan sonra sanki komanda 10 dəqiqə dayandı, üstünlüyü rəqibə verdi. Beşinci oyunçunu meydana buraxdıq ki, nəticəni dəyişək, fasiləyə qədər alınmadı.
İkinci hissəyə yaxşı başladıq, rəqib foul limitini erkən doldurdu. Təəssüf ki, bizim əsas oyunçular tez yoruldular. Buna görə də beşin dördə oynadıq. Fərqlənmək istəyərkən səhvə yol verdik və qapımızda qol gördük. Heç-heçə bizim üçün pis nəticədir.
Şans qalır, ancaq bizdən asılı olmayacaq. Yəni maksimum xal toplasaq belə, digər millilərin nəticəsini gözləməliyik".
Qeyd edək ki, yığmamız yunanlarla bərabərə qalıb - 2:2.