“Böyük Dəbilqə”: 7 cüdoçumuzdan yalnız biri bürünc medal qazandı
Qazaxıstanın Astana şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start verilib.
Mediasport.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 7 cüdoçusu tatamiyə çıxıb.
Onlardan 4-ü bürünc medal uğrunda mübarizə aparsa da, yalnız 66 kq-da Kamran Süleymanov 3-cü yeri tutub.
O, medal görüşündə yığmamızın digər üzvü Ruslan Paşayevlə dueldən qalib ayrılıb.
60 kq-da Əhməd Yusifov 5-ci olub, Nazir Talıbov zədələndiyi üçün "bürünc" uğrunda qarşılaşmaya çıxmayıb.
Qadınların yarışında 48 kq-da Leyla Əliyeva 3-cü yer uğrunda görüşdə türkiyəli Tuğçe Bederə uduzub. 57 kq-da Açelya Toprak ilk görüşdə Pixle Salonenə (Finlandiya), Fidan Əlizadə isə Rafaela Silvaya (Braziliya) məğlub olaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, millimiz Astanaya 12 kişi və 3 qadın cüdoçu ilə yollanıb.
Turnirin qaliblərinin hesabına 1000, gümüş və bürünc medalçıların aktivinə isə müvafiq olaraq 700 və 500 reytinq xalı əlavə olunacaq.