"Bu cür görüşlərdə belə səhvlərə yol vermək olmaz" - JOZE ALESİO
UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün ilk oyununa çıxan “Araz-Naxçıvan” “Örebro”ya məğlub olub.
mediasport.az xəbər verir ki, İsveç klubuna 2:5 hesablı yenilgidən sonra təmsilçimizin baş məşqçisi Joze Alesio Da Silva oyun barədə fikirlərini bölüşüb.
- Hər iki komanda bir-birini yaxşı analiz etmişdi. Birinci hissədə 5 cərimə limitini doldurduq və sonra rəqibə 10 metrlik cərimə zərbəsi vurmaq imkanı yaratdıq. Onlar da bundan maksimum istifadə etdilər. Yaxşı oyun oldu, amma səhvlərimiz də çox oldu. Buraxdığımız 5 qoldan 2-ni 10 metrlik, birini isə penaltidən vurdular. Digər iki qolu isə demək olar, hədiyyə etdik. Demişdim ki, hər bir oyunumuz finala bərabərdir. Bu cür görüşlərdə belə səhvlərə yol vermək olmaz. Müdafiədə çox səhv etdik. Qol epizodları da yaratdıq, amma realizə edə bilmədik. Əgər çoxlu səhvlər edirsənsə və imkanlarını realizə edə bilmirsənsə, bu cür nəticədən qaçmaq mümkün deyil. Bilirik ki, işimiz çətin olacaq. Amma yarış davam edir. Yenidən komanda ilə söhbət edəcəyik, səhvləri göstərəcəyik və sabahkı oyuna hazırlaşacağıq”.