"Bu oyundan qalib ayrılmaq çox önəmli idi" - Siyasət Əsgərov
“Bu oyundan qalib ayrılmaq bizim üçün çox önəmli idi. Çünki qələbə qazanacağımız halda həm qrup lideri olacaqdıq, həm də əsas rəqibimizdən bir qədər də uzaqlaşacaqdıq”.
Mediasport.az xəbər verir ki, bu sözləri qadın futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Siyasət Əsgərov deyib.
36 yaşlı mütəxəssis UEFA Millətlər Liqasının C divizionunun qrup mərhələsinin 4-cü turu çərçivəsində Monteneqro ilə Bakıda keçirilmiş oyununu şərh edib, komandamızın böyükhesablı qələbəsi haqda fikirlərini bölüşüb:
“İkinci hissənin əvvəlində oyunumuzda bir qədər eniş oldu. Rəqib əsasən uzun ötürmələrlə çıxmaq istəyirdi. Bunun da əsas səbəbi ucaboy futbolçularının olması idi. Biz isə oyunun tempinə istədiyimiz şəkildə nəzarət edə bildik. Bu zaman rəqibin oyununda eniş oldu. Əslində oyun planına əsasən ilk hissədə fərqlənməliydik. Təəssüf ki, yaratdığımız imkanları dəyərləndirə bilmədik. İkinci hissədə isə istədiyimiz qolları vurub layiqli qələbə qazandıq”.
Futbolçularımız “Dalğa Arena”da Monteneqronu 3:0 hesabı ilə məğlub ediərək xal ehtiyatını 10-a çatdırıb və qrup liderliyinə yüksəliblər.
Qrupun digər görüşündə səfərdə Farer adalarına qalib gələn (1:0) Kipr yığması 7 xalla ikinci pilləyə çıxıb, Monteneqro 6 xalla 3-cü yerə enib.
Komandamız Millətlər Liqasında növbəti oyununu dekabrın 1-də səfərdə Kipr yığmasına qarşı keçirəcək. Bu komanda ilə Bakıdakı duelimizdə bərabərlik qeydə alınmışdı - 1:1.
Son matçımız Bakıda Farer adalarına qarşı olacaq.