"Zenit"lə 1 illik müqaviləm var, hədəfim Avropa klublarıdır"
"Millətlər Liqasında ilk dəfə çıxış etməyimizə baxmayaraq, qrupda 10 xal qazanmışıq. Sona 2 oyunumuz qalıb və ümid edirəm ki, növbəti mərhələyə 1-ci yerlə çıxarıq. Buna çox inanırıq".
Bu sözləri Mediasport.az saytına açıqlamasında qadınlardan ibarət Azərbaycan milli komandasının futbolçusu Nigar Mirzəliyeva deyib.
21 yaşlı müdafiəçi UEFA Millətlər Liqasının C Divizionunun Kiprlə səfər görüşündən öncə komandanın hazırlığı barədə danışıb:
"Ciddi məşq edirik, özümüzə inamımız yüksəkdir. Bunun nəticəsidir ki, hazırda qrup lideriyik. Kiprə də qələbə dalınca yollanmışıq. Maksimum nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Azərbaycan futbolunda tarix yazmaq istəyirik. İnşallah, məqsədimizə nail olarıq".
Bugünlərdə "Zenit"lə Rusiya çempionu olan Mirzəliyeva aşağı yaş qrupları üzrə qadın millilərimizin də uğurlu çıxış etmələri üçün özünəinamlı olmalarını və legioner həyatı yaşamalarını məqsədəuyğun saydığını qeyd edib:
"Onlar dah çox işləməli, məşqlərdə böyük həvəslə çalışmalıdırlar. Bu halda həm seçmə mərhələdə yaxşı çıxış edəcəklər, həm də legioner həyatı yaşamaq imkanı qazanacaqlar. Karyeralarını xaricdə davam etdirsələr, milli komandaya da çox xeyir verəcəklər.
O, özü də ilk dəfə legioner həyatı yaşamağa başlayanda çətinlik çəkdiyini vurğulayıb, lakin zamanla uyğunlaşdığını bildirib:
"Asan heç nə olmur. İlk əvvəl mənə də çətin gəlirdi. Amma özümü öyrəşdirdim. Komandada olan mehriban atmosfer də mənə kömək oldu. Bu gün hər şey əladır, özümü "Zenit"də çox rahat hiss edirəm".
Mirzəliyeva hələlik klubunu dəyişmək istəmədiyini, ancaq ciddi hədəflərinin olduğunu söyləyib:
"Burada hər şey ürəyimcədir, komandamız ardıcıl iki ildir çempion olur. Mənim də "Zenit"lə hələ 1 illik müqaviləm var. Başqa kluba getmək haqda düşünmürəm. Baxmayaraq ki, Rusiya və Türkiyə komandalarından təkliflər almışdım. Əsas hədəfim Avropa klublarından gələn dəvətdir. Düzdür, bir dənəsi oldu, lakin ürəyimcə deyildi. Məqsədim var və inanıram ki, buna nail olacağam".