"Allaha şükür edirəm" - 5-ci dəfə olimpiadaya gedəcək Stadnik
"5-ci dəfə Olimpiadaya vəsiqə qazanmaqla qadın güləşində ilkə imza atdım. Hisslərim izaholunmazdır".
Mediasport.az xəbər verir ki, bu sözləri Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq) deyib.
Dünya və Avropa çempionumuz çox xoşbəxt olduğunu bildirib: "Bu uğura gedən yol çətin olsa da, bunu bacardım. Buna görə Allaha şükür edirəm. Olimpiada ilə bağlı indi danışmaq istəmirəm. Yaşayıb görərik. Hazırlaşmaq üçün hələ 3 ay vaxtım var".
Qeyd edək ki, Stadnik Yay Olimpiya Oyunlarında 5-ci dəfə iştirak edəcək yeganə qadın güləşçi olacaq.
O, 2012 (London) və 2016-cı (Rio-de-Janeyro) illərdə keçirilmiş olimpiadalarda gümüş medal, 2008 (Pekin) və 2020-ci (Tokyo) olimpiadalarında isə bürünc medal qazanıb.