Qozyumovun FİASKOsu yunan-Roma güləşçilərinin tarixi uğurunun kölgəsində qalsa da...

Qozyumovun FİASKOsu yunan-Roma güləşçilərinin tarixi uğurunun kölgəsində qalsa da...

Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatı başa çatdı. Azərbaycan lisenziya xarakterli birinciliyə 26 idmançı ilə yollanmışdı. Onlardan 10-u sərbəst, 10-u yunan-Roma, 6-sı isə qadın güləşçilər idi.

Sərbəst güləş: Əliabbas Rzazadə (57 kq), İntiqam Vəlizadə (61 kq), Hacı Əliyev (65 kq), Maqomed-Başir Xanıyev (70 kq), Turan Bayramov (74 kq), Orxan Abasov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq), Georgi Meşvildişvili (125 kq) - 1-i olimpiya lisenziyası olmaqla 2 gümüş medal

Qadın güləşi: Mariya Stadnik (50 kq), Elnurə Məmmədova (53 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Elis Manolova (62 kq) və Birgül Soltanova (65 kq) - medal yox, lisenziya yox

Yunan-Roma güləşi: -  Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Arif Niftullayev (97 kq) və Beka Kandelaki (130 kq) - 2-si olimpiya lisenziyası olmaqla 2 qızıl və 3 gümüş medal

Martda böyük ümidlərlə baş məşqçi postuna gətirilən və deyilənlərə inansaq, aylıq 17 min manat əmək haqqı alan Xetaq Qozyumov vaxtilə kifayət qədər güclü, əzmkar və xarakterli güləşçi olsa da, "sərbəst"lər onun rəhbərliyi altında fiaskoya uğradı. Doğrudan da hər güclü idmançı güclü məşqçi olacaq anlamına gəlməməlidir deyimi burada da özünü doğrultdu. Böyük ümidlər bəslədiyimiz 10 iddialı güləşçidən yalnız 2-sinin medal qazanmasına başqa ad vermək çətin məsələdir. Xüsusən ölkəmizə xarakterik sərbəst güləşdə həm yerli, həm milliləşdirilmiş idmançıların tatami üzərində xaraktersizlikləri, əzmlə döyüşməmələri, sona qədər mübarizə aparmamaları, intizamsızlıqları və fiziki cəhətdən "3 dəqiqəlik güləşçi" olmaları birbaşa Xetaq Qozyumov və onun köməkçilərinin ciddi cavab verməli olduğu problemdir. Əlavə şərhə ehtiyac yoxdur. Federasiya bunun hesabatını mütləq tələb etməlidir.

Qadın güləşi, xüsusən medal və lisenziya ümidimiz Mariya Stadnikin uğursuzluğunu başa düşmək olar. İllərdir Azərbaycana xidmət edən dünya qadın güləşinin liderlərindən biri, 3-qat olimpiada medalçısı artıq kifayət qədər yaşlıdır, ailə və vətən qayğıları var. Düşünmək olar ki, Stadnikin psixoloji durumu qaydasında deyil, patriot idmançının ana vətənində iki ildən çoxdur müharibə gedir. Lakin onun qarşıdakı iki lisenziya yarışında olimpiadaya vəsiqəni təmin edəcəyinə inam böyükdür. Bəs digər qadın güləşçilərimiz? Ümumiyyətlə, onlar niyə var? Alyona Kolesnik başda olmaqla, heç vaxt ciddi turnirlərdə böyük uğurları olmayan bu xanım idmançılara yüzminlərlə əlavə vəsaitin xərclənməsi nəyə və kimə lazımdır? Suallar çoxdur, cavablarını federasiya, məşqçilər korpusu verməlidir. Bütün yarışlara turist kimi gediləcəksə, o zaman elə hamısı azərbaycanlılar olsun, bəlkə nəsə öyrənər, təcrübələrini artırıb növbəti yarışlarda uğurlu çıxış edərlər. Eyni zamanda, ölkədə qadın güləşi daha çox kütləviləşər, ciddi inkişaf yoluna qədəm qoyar.

Azərbaycan tarixində ilk dəfə komanda şəklində dünya çempionu adını qazanan yunan-Roma güləşçilərimizin DÇ-dəki çıxışları ən xoş sözlərə layiqdir. 5 finaldan 2-sini qazanan idmançılarımız nəticəni daha möhtəşəm edə bilərdilər. Buna baxmayaraq, azərbaycanlı güləşçilərin 2 qızıl və 3 gümüş, eyni zamanda 2 olimpiya lisenziyası qazanmaları böyük nailiyyətdir. Məşqçilər korpusu xırda çatışmazlıqları aradan qaldıra bilsə, ürəklə milli dediyimiz MİLLİMİZİN pəhləvanları qarşıdakı lisenziya və Paris-2024 Yay Olimpiya Oyunlarında daha böyük uğurlara imza ata biləcək gücdə, potensialdadırlar.

Mediasport.az