Balkan çempionatı: Azərbaycan Mariborda 9 atletlə təmsil olunacaq
Atletika üzrə Azərbaycan millisi Sloveniyanın Maribor şəhərində keçiriləcək Balkan çempionatında iştirak edəcək.
Mediasport.az xəbər verir ki, U-18 yaş kateqoriyası üzrə təşkil olunacaq yarış iyulun 6-da keçiriləcək. Millimiz turnirə 9 atletlə yollanıb.
İlahə Quliyeva 400 m məsafəyə qaçışda, Mehri Nadirova uzunluğa tullanmada mükafatlar üçün mübarizə aparacaq. Raul Yusufli və Abdulla Əliyev uzunluğa tullanma, Rəvan Behbudov üç təkanla tullanma, Fərhad Quliyev nüvə itələmədə qüvvəsini sınayacaq.
Nihat Tağıyev 200 m və 400 m, İsgəndər Əsgərov 800 m və 1500 m, Əmir İsmayılov sədləri dəf etməklə 110 m məsafəyə qaçışda yarışa qatılacaq. Əmir, Raul, Nihat və Abdulladan ibarət “dördlük” isə 4x100 m məsafəyə estafet qaçışında da iştirak edəcək.