"Bundan sonra daha yaxşı olmağa çalışacağıq" - Qurban Berdıyev
"İki fərqli hissə izlədik. Birinci hissədə kifayət qədər aktiv oynadıq. İlk yarıdan razı qaldım. İkinci hissədə hesabı saxlamaq hissi oyunçulara daha çox təsir etdi. İstənilən halda "Sumqayıt" kifayət qədər keyfiyyətli futbolçulara malik komandadır. İkinci hissədə bunu sübüt etdilər. İki güclü rəqibə qarşı oynadıq. Bundan sonra daha yaxşı olmağa çalışacağıq".
Mediasport.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Qurban Berdıyev deyib.
Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının 2-ci turunun "Sumqayıt"la ev görüşü barədə fikirlərini bölüşüb.
O, 1:0 hesablı qələbəni şərh edib:
"Birinci hissədə daha ürəkli oynayırdıq. Görünür ki, futbolçular üstünlüyü əldən verməkdən qorxdular. Çalışmalıyıq ki, bu hissi aradan qaldıraq. Süni örtükdə oynamağımız da buna təsir edən amillərdən biri idi. İlk hissədəki oyunu ikinci yarıda da oynasaydıq, daha çox zövq alardım. Bəzi məqamlarda ürəklə pressinq etmədik. İkinci yarıda rəqib çox güclü görünürdü. Onların əvəzetmələri özünü doğrultdu. Biz oyundan-oyuna hazırlaşırıq. Qarşıda daha vacib matçımız var. Mövsümün sonunda necə olacağını görəcəyik".
Berdıyev yeni transferlərin olub-olmayacağı ilə bağlı sualı belə cavablandırıb:
"Hücum xəttində Otto Cona inanıram. Çox hərəkət edir. Görünən odur ki, bir az vaxt lazımdır. Məşqlərdə də özünü yaxşı göstərir. İnanıram ki, onda yaxşı mənada dəyişiklik olacaq".