Cüdoçularımızın fiaskosu bu gün də davam etdi, yalnız Səid finala çıxdı
Azərbaycan cüdoçularının Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində çıxış ikinci yarış günündə də uğursuz alınıb.
mediasport.az xəbər verir ki, bu gün tatami üzərinə çıxan Səid Mollayi, Zelim Tçkayev, Nurlan Osmanov və Hidayət Heydərov dördlüsündən yalnız milliləşdirilmiş iranlı ümidləri doğruldub.
81 kq çəki dərəcəsində çıxış edən Mollayi yarımfinalda Şarofiddin Boltaboyevi (Qazaxıstan) məğlub edərək finala çıxıb. Onun qızıl medal uğrunda rəqibi Mattias Kasse (Belçika) olacaq.
81 kq-dakı digər cüdoçumuz Zelim Tçkayev 1/8 finalda Alfa Umar Caloya (Fransa) məğlub olub. 73 kq-da yarışan Hidayət Heydərov isə yarımfinalda Manuel Lombardoya (İtaliya) uduzub. Eyni çəkidəki Nurlan Osmanov təsəlliverici qarşılaşmada Adil Osmanova (Moldova) qalib gələrək bürünc medal uğrunda görüşdə məhz Hidayət Heydərova rəqib olub.
Yarışa aprelin 2-də yekun vurulacaq. İlk gündə döşək üzərinə çıxan 8 Azərbaycan idmançısından heç biri medal qazana bilməyib.