Nazir Avropa çempionatında tarixi nəticə qazanmış millini qəbul etdi
Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının üzvlərini qəbul edib.
MediaSport.az xəbər verir ki, federasiya rəhbəri 22-25 iyun tarixlərində Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatında qazandıqları tarixi nəticəyə görə təbrik edib.
R.Nəbiyev turnir boyunca komanda üzvlərinin fədakarlıq və əzmkarlıq göstərdiklərini vurğulayıb: “Bu nəticələr bizə gələcəyə ümidlə baxmağa imkan verir".
O, idmançıların beynəlxalq turnirlərdə ölkəni layiqincə təmsil etmək imkanı yaradan təlim-məşq toplanışlarında davamlı iştirakının önəmindən danışıb, qızların beynəlxalq turnirlərdə əldə etdikləri nəticələrin müsbət istiqamətdə inkişaf etməsinə diqqət çəkərək, federasiyanın ölkəmizdə qadın cüdosunun inkişafı məqsədilə həyata keçirdiyi tədbirlərin ortamüddətli və uzunmüddətli dövrlərdə bu nəticələrin daha da yaxşılaşmasına ciddi töhfə verəcəyinə inandığını qeyd edib.
R.Nəbiyev qarşıdan gələn Avropa Gənclər Yay Olimpiya Festivalı, MDB Oyunları və Dünya Çempionatı kimi mötəbər yarışlarda milli komandanın heyətinə uğurlar arzulayıb. Görüş zamanı yeniyetmə cüdoçuların təhsillərinə və ümumi dünyagörüşlərinin inkişaflarına xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanaraq bu istiqamətdə müvafiq tapşırıqlar verilib.
Görüşdə ACF-in prezidentinin müşaviri Natiq Bağırov, baş katib Rəşad Rəsullu və federasiyanın digər rəsmiləri də iştirak ediblər.
Qeyd edək ki, Azərbaycanın cüdo millisi Avropa çempionatının fərdi yarışlarında 6 qızıl və 3 bürünc olmaqla 9 medal əldə edib. Yığma medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yerə, qızlar arasında isə 4-cü yerə sahib olub. Qarışıq komanda yarışlarında isə cüdoçular qızıl medal qazanıblar.