Azərbaycan cüdoçularının Özbəkistan sınağı başlanır - Böyük Dəbilqə

Azərbaycan cüdoçularının Özbəkistan sınağı başlanır - Böyük Dəbilqə

Bu gün Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə Böyük Dəbilqə start götürür.

mediasport.az xəbər verir ki, ilk gündə Azərbaycan millisinin 4 üzvü iki çəki dərəcəsində mübarizə aparacaq.

60 kq-da Əhməd Yusifov 1/16 finaldan, Rövşən Əliyev isə 1/8 finaldan yarışa qoşulacaq. Yusifovun rəqibi almaniyalı Moritz Plafki olacaq. Əliyev isə Nurkanat Serikbayev (Qazaxıstan) - Mutaz Xavca (Səudiyyə Ərəbistanı) cütünün qalibi ilə üz-üzə gələcək.

66 kq çəki dərəcəsində Azərbaycanın hər iki cüdoçusu 1/16 finaldan mübarizəyə başlayacaq. Kamran Süleymanov estoniyalı Vilcar Lipardı, Ruslan Paşayev isə almaniyalı Lennart Slamberqeri sınağa çəkəcək.

Martın 5-dək davam edəcək Böyük Dəbilqədə Azərbaycan ümumilikdə 6 cüdoçu ilə təmsil olunur. Nəriman Mirzəyev və Rəşid Məmmədəliyev 73 kq çəki dərəcəsində çıxış edəcəklər.