"Demək olar ki, beş komanda eyni səviyyəli, güclü kollektivdir"
“Gəncə” voleybol klubunun baş məşqçisi Sergey Çasnavitski komandanın Azərbaycan Yüksək Liqasının 2023-2024-cü il mövsümünə hazırlığını dəyərləndirib.
Mediasport.az xəbər verir ki, mütəxəssis qadın voleybolçulardan ibarət komandalar arasında Azərbaycan Yüksək Liqasında mübarizə aparacaq klubların hamısının oyununu izləmədiyini deyib.
"Ancaq iki komanda ilə yoldaşlıq oyunumuz olub. Həmin komandalar haqqında fikir yürüdə bilərəm. Onu da nəzərə almaq lazımdır ki, həmin komandalar da hazırlıq proseslərini hələ başa vurmayıblar və pik formalarına çatmayıblar. “Azərreyl” klubunun isə avrokubok matçlarını izləmişəm. Rəqibləri qiymətləndirmək çox çətindir. Rəqib komandalarda heyətin formalaşdırılması istiqamətində işlərin aparıldığı və güclü legionerlər transfer etdiklərini bilirəm.
Azərbaycan Yüksək Liqasının yeni mövsümü gərgin idman mübarizəsi vəd edir. Altı komanda medallar uğrunda mübarizə aparacaq. Demək olar ki, beş komanda eyni səviyyəli, güclü kollektivdir. Komandalar hələ də transfer işlərini davam etdirirlər. Güclü voleybolçuların axtarışı komandaların gündəmindədir. Bu səbəbdən komandalar haqqında fikir söyləmək o qədər də asan deyil”.
Qeyd edək ki, "Gəncə" yeni mövsümdə Azərbaycan çempionatında debüt edəcək.