"Dünya çempionu olduğuma hələ inana bilmirəm” - Hidayət Heydərov
“Özümə gəlməmişəm, hələ də dünya çempionu olduğuma inana bilmirəm”.
Mediasport.az xəbər verir ki, bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında qızıl medal qazanan Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) deyib.
4-qat Avropa çempionu Beynəlxalq Cüdo Federasiyasının mətbuat xidmətinə açıqlama verib.
Ötən ay qitə birincisi, dünən dünya çempionu olan Heydərov bu qələbənin gözlənilməz olmadığını bildirib:
“Əvvəllər yarımfinalda məğlub olmuşdum. Ona görə də finala çıxanda göz yaşlarımı saxlaya bilmədim. Hisslərimi sözlə ifadə etmək çətindir. Buraya gələndə yalnız çempionluğu düşünürdüm, qalib gəlmək istəyirdim. Final görüşündə yerə yıxılanda hiss etdim ki, ayağa qalxıb rəqibimə fənd işlətməliyəm. Belə də oldu. Bu cür final gözləyirdim və yaponiyalı cüdoçuya qalib gəlmək istəyirdim. Bu texnikadan yalnız kritik anlarda istifadə edirəm. Bilirdim ki, alınacaq”.
H.Heydərov ona inandığı üçün Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədliyə təşəkkür edib:
“Həmişə mənə deyirdi ki, dünya çempionu olacaqsan. Dohadakı mundialda uduzandan sonra ağlayanda o, məni dəstəklədi. Mən də qalib gələn kimi yanına gedib qələbə qazandığımı söylədim. Cüdo karyerama başlayanda Olimpiya, dünya və Avropa çempionluğunu qazanmaq, Azərbaycan cüdo tarixində bir nömrə olmaq istəyirdim. Növbəti hədəf Olimpiadada qalib gəlməkdir”.
Qeyd edək ki, Hidayət Heydərov 11 ildən sonra Azərbaycana yenidən qızıl medal qazandırıb. Sonuncu dəfə bu titula 2013-cü ildə Braziliyada keçirilmiş mundialda Elxan Məmmədov sahib çıxıb.