"Ən yaxşısını edəcəyik ki, Premyer Liqaya vəsiqə qazanaq"

"Ən yaxşısını edəcəyik ki, Premyer Liqaya vəsiqə qazanaq"

Futbol üzrə Azərbaycan 1-ci Liqasında ilk dövrədən sonra lider olan "Qaradağ Lökbatan"ın baş məşqçisi Azər Həşimov Mediasport.az saytına müsahibə verib.


Mövsümün əvvəlində qarşınıza qoyulan hədəf, məqsəd nə idi?

- Komandanın çempionata başlamadan öncə müəyyənləşdirdiyi hədəf Azərbaycan Premyer Liqasına vəsiqə qazanmaq olub. İstəyimiz budur. Rəhbərliklə görüşəndə də məsələ ilə bağlı danışılıb. Həqiqətən də futbolçularda əzmkarlıq, xarakter özünü göstərir. Ən yaxşısını etməyə çalışırıq. Cari mövsüm 1-ci Liqanın ilk turunun "Şamaxı" ilə matçında heç-heçə (1:1) edəndən sonra da hədəfimizin çempionluq olduğunu demişdim. Baxmayaraq ki, hazırda 6-7 komanda çempionluğa iddialıdır.

"Qaradağ Lökbatan" turlar ötdükcə irəliləyən və müsbət trayektoriya üzrə hərəkət etdi. Demək olar ki, komandanın hazırda turnir cədvəlində mövqeyi yayda görülən hazırlığın məntiqi nəticəsidir?

- Səhv etmirəmsə, yayda 6 yoxlama matçı keçirdik. Onların heç birində məğlub olmadıq. "Şamaxı"ya qalib gəldik (2:1), "İrəvan"la bir dəfə heç-heçə etdik (2:2), növbəti matçda onları məğlubiyyətə uğratdıq (2:1), 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə qarşılaşmada "sülh" oldu, sonra isə "İmişli" üzərində 3:2 hesablı qələbə qazandıq. Yəni, bütün yoxlama görüşlərində hansı mövqelərdə boşluqların olduğuna nəzər yetirirdik. Həm taktiki, həm texniki, həm də fiziki cəhətdən hazırlıqlarımızı davam etdirirdik. Çempionat başlamazdan öncə bilinirdi ki, "Şamaxı", "Karvan", MOİK, "İmişli" kimi komandalar da iddialı olacaqlar. Sözün açığı, mütəxəssislər "Qaradağ Lökbatan"ı onların arasında görmürdü. Lakin biz özümüzə inanırdıq. Məşqlərdə əzmkarlıq nümayiş etdirərək oyunlara hazırlaşırdıq. "Şamaxı" ilə ilk tur matçımız "CBC Sport" kanalı ilə yayımlanırdı, onlar da keyfiyyətli oyun keçdiyini dedilər.

Daha sonra səfərdə "Mingəçevir" üzərində qələbə qazandıq (2:0). Üçüncü oyunda "İrəvan"a uduzsaq da (0:1), matç ərzində üstünlük bizim tərəfimizdə idi. Həmin qarşılaşmada oyundan razı, hesabdan narazı qalmışdım. Sonrakı tur "Zaqatala"nı evdə məğlub etdik və.s. Beləliklə, xallar yığmağa başladıq. Çempionat yeni başlayanda 3 oyuna 4 xalımız var idi. Futbolçularımı inandırmağa çalışırdım ki, zamanla istədiyimizə nail olacağıq. 12 tur ərzində 1 məğlubiyyət yaşadıq. Həmin oyunun təkrarına baxsanız, bizim oynadığımızı, rəqibin isə qalib gəldiyini görə bilərsiniz. Futbolda belə şeylər olur. Əsas odur ki, komanda toparlandı. Oyunçuları komanda şəklində - hamılıqla birinci dövrəni qalib bitirəcəyimizə inandırırdım. Şükür Allaha, istədiyimiz həyata keçdi. Bu gün ən yaxın izləyicimizlə aramızda 5 xallıq fərq var. O, böyük fərq deyil. İkinci dövrə komandalar daha da güclənəcəklər. Birinci yerdə olmaq çətindir, onu qorumaq daha da çətindir. Ən yaxşısını edəcəyik ki, Premyer Liqaya vəsiqə qazanaq.

Sizcə, komandanız hazırda Premyer Liqada oynayacaq gücdədir?

- Premyer Liqada oynaya bilərik, amma çox çətinlik çəkərik. Çünki Premyer Liqa klublarının büdcəsi 1-ci Liqa təmsilçilərinin büdcəsindən minimum 10 qat artıqdır. Eyni zamanda, orada keyfiyyətli futbolçular daha çoxdur. "Neftçi" ilə kubok matçında 0:4 məğlub olmağımıza baxmayaraq, hesab oyuna görə olmadı. Doğrudur, futbol səhvlər üzərində qurulub. 1-ci qol penalti zərbəsindən vuruldu. Oyunu təhlil edəndə futbolçulara göstərdim ki, bəzi təhlükələrin qarşısını zamanında almaq lazımdır. İkinci qolda avtoqol qeydə alındı. Üçüncü qolda müdafiəçimiz kobud səhvə yol verdi, rəqib topu "oğurladı" və fərqi artırdı. Sonuncu - dördüncü qolda isə rəqib futbolçularımızı keçdikdən sonra qapıya dəqiq zərbə endirdi. Oyun bitdikdən sonra futbol mütəxəssisləri mənə yaxınlaşıb dedilər ki, komandanız "Neftçi" kimi rəqibdən çəkinməyərək pressinq edirdi. Yaratdığımız 2-3 qol epizodunda keyfiyyətli və təcrübəli futbolçu olsaydı, onları qola çevirə bilərdik. Sözün açığı, həmin oyunda "Neftçi"nin adından çəkinmirdim. Komandama çox inanırdım. Ancaq oyundan-oyuna inkişaf etməklə, səhvləri aradan qaldırmaqla Premyer Liqada mübarizə apara bilərik. Lakin həmin yarışda yuxarı pillələr haqda iddialı danışmaq çətindir. Heyətə 4-5 təcrübəli futbolçu cəlb etməklə daha yaxşısına nail olmaq mümkündür.

Komandanız Elitada yüksək yox, orta səviyyədə çıxış etməyə yetərli deyilsə və eyni zamanda 1-ci Liqada qarşınıza çempionluq hədəfi qoymusunuzsa, belə çıxır ki, Premyer Liqaya vəsiqə qazansaz, heyətin təxminən 80 faizi dəyişilməlidir?

- 80 faiz deməzdim. Hələ qarşıda mövsümün yarısı bizi gözləyir. İndidən bu haqda konkret danışmaq olmaz. Heyətimizdə elə futbolçular var ki, zamanla inkişaf edə və daha yaxşı futbol nümayiş etdirə bilərlər. Futbolçuların çoxu əziyyət çəkir. Onlar mütləq mübarizəni davam etdirəcəklər. Necə ki, "Araz-Naxçıvan" Region Liqasından Premyer Liqaya qədər yüksəldi. Onların əvvəlki heyətindən Orxan Əliyev, Bayraməli Qurbanov, Vadim Abdullayev kimi futbolçular bu gün Premyer Liqada da oynayırlar. Bizim komandada da kim layiq olacaqsa, kim daha çox əziyyət çəkəcəksə, inşallah, Premyer Liqaya çıxsaq, oynamağa davam edəcəklər. Hər şeyi zaman göstərəcək. Bu barədə danışmaq hələ tezdir.

Komandanın maliyyə durumu necədir? İndiyə qədər futbolçularla bu məsələdə sıxıntı yaşanıb?

- Xeyr, hazırda klubda heç bir maliyyə problemi yoxdur. Ümumiyyətlə, hələ olmayıb. Şükür, vaxtında maaşlarımızı alırıq. Komandamızın əsasını istəkli, xarakterli, can qoyan futbolçular təşkil edirlər. Bizdə yüksək maaşa oynayan futbolçu yoxdur. Büdcəyə uyğun heyət qurmuşuq. Klubda bütün ödənişlər vaxtında edilir.


Rövşən