Nihad dünya çempionu oldu, Məhəmmədəlidən bürünc medal

Nihad dünya çempionu oldu, Məhəmmədəlidən bürünc medal

Azərbaycanın yeniyetmə cüdoçuları Perunun paytaxtı Limada start götürən dünya çempionatına uğurla başlayıblar.

Mediasport.az xəbər verir ki, ilk yarış günündə millimizin bir üzvü dünya çempionu olub, digəri bürünc medal qazanıb.

50 kq çəki dərəcəsində mübarizə aparan Məhəmmədəli Hüsiyev ilk görüşündə italiyalı Tomas Qidoni (İtaliya) ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən cüdoçumuz növbəti görüşünü Aksel Kuqa (Fransa) qarşı keçirib. Qələbə qazanan Məhəmmədəli yarımfinala yüksəlib. Bu mərhələdə Aleksey Toptıginə (AİN) uduzan Hüsiyev bürünc medal uğrunda Karlos Filyo (Braziliya) ilə yarışıb və qələbə qazanaraq fəxri kürsüdə yer alıb.

55 kq çəkidə təmsilçimiz Nihad Məmişov mübarizəyə 1/16 finalda qoşulub və Amir Temirbayevi (Kanada) sıradan çıxarıb.

Nihad 1/8 finalda Yan Kolondra (Polşa), 1/4 finalda isə Botond Kunyikə (Macarıstan) qalib gəlib. O, finala gedən yolda Ukraynanı təmsil edən azərbaycanlı Xəzər Heydərova qalib gəlib. Cüdoçumuz həlledici döyüşdə Bat-Enerel Batbileglə (Monqolustan) qarşılaşıb.

Rəqibini məğlub edən Azərbaycan cüdoçusu qızıl medala sahıb çıxıb. O, bununla da ikinci dəfə dünya çempionu tituluna yiyələnib.

Mundiala sentyabrın 1-də yekun vurulacaq.