"Dünya Kuboku olimpiadaya lisenziya xarakteri daşıyır"
"Yarış idmançılar üçün böyük əhəmiyyət kəsb edir. Çünki "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır".
Mediasport.az xəbər verir ki, bu sözləri Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə Bakıda bu gün start götürən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
Federasiya rəsmisi bildirib ki, bu ildən kişilər arasında batut gimnastikası üzrə mübarizəyə Azərbaycanın böyüklərdən ibarət yığmasının üzvlərinin də qoşulması əlamətdar haldır: “Bundan öncə əcnəbi idmançılar da bizi böyüklər yaş qrupunda uğurla təmsil ediblər. Amma sevindirici haldır ki, bu ildən böyüklər arasında yarışa məhz Azərbaycanda yetişmiş gimnastlar qoşulurlar".
Baş katib Dünya Kubokunun gümüş mükafatçısı Selcan Mahsudovanın şanslarını da dəyərləndirib: "O, həm yarışlarda mübarizə aparır, həm də Olimpiya təsnifatında öz qüvvəsini sınayır. Ötən il də ölkəmizdə eyni formatda turnirlər keçirilmişdi. Həmin vaxt Mahsudova gümüş medala layiq görülmüşdü. Bir il ərzində onun təcrübəsi olduqca artıb. Ümid edirik ki, bu yarışda da Selcan bizi öz çıxışı və qazanacağı medallarla sevindirəcək".
Qeyd edək ki, fevralın 23-dək davam edəcək turnirdə Azərbaycanı qadınlar arasında Selcan Mahsudova (fərdi çıxış), kişilər arasında Hüseyn Abbasov (fərdi və sinxron çıxışlar), Nicat Mirzəyev (fərdi və sinxron çıxışlar) və Mehdi Əliyev (fərdi çıxış) təmsil edirlər. Tamblinq üzrə yarışda isə Mixail Malkin, Adil Hacızadə və Tofiq Əliyev, gənclərdən Bilal Qurbanov çıxış edəcəklər.