"Gənc idmançılarımızdan da sürpriz nəticələr gözləyirik" - BAŞ KATİB

 "Gənc idmançılarımızdan da sürpriz nəticələr gözləyirik" - BAŞ KATİB

"Dünya Kuboku idmançılar üçün Paris Olimpiadasına lisenziya baxımından böyük əhəmiyyət kəsb edir".

Mediasport.az xəbər verir ki, bu sözləri Azərbaycan Gimnastika Federasiyasının Baş katibi Nurlana Məmmədzadə Bakıda start götürən idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Federasiya rəsmisi bildirib ki, yığmanın üzvü Nikita Simonovun qızıl medal qazanacağına dair ümidlər böyükdür.

O, Almaniyanın Kotbus şəhərində keçirilən Dünya Kubokunda 45 idmançı arasında halqalarla hərəkətdə birinci yerə layiq görülmüşdü:

“Biz inanırıq ki, o, bu uğurlu çıxışını Bakı tamaşaçıları önündə də nümayiş etdirə biləcək. Gənc idmançılarımızdan da sürpriz nəticələr gözləyirik. Xüsusilə Nazənin Teymurovanın bizi sevindirəcəyini düşünürəm. Rəqiblərimiz güclüdür. Ümid edirəm ki, gimnastlarımız bu sınaqdan da üzüağ çıxacaqlar”.

Qeyd edək ki, 67 ölkədən 300-ə yaxın idmançının iştirak edəcəyi Dünya Kubokuna martın 10-da yekun vurulacaq.

Yarışda Azərbaycanı Nikita Simonov (halqalar), İvan Tixonov (dəstəli at, dayaqlı tullanma, paralel qollar, turnik), Rəsul Əhmədzadə (dəstəli at, paralel qollar), Mənsum Səfərov (turnik, sərbəst hərəkətlər), Murad Ağarzayev (sərbəst hərəkətlər) və Nazənin Teymurova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edəcəklər.