Dünya Olimpiya Təsnifat Turnirində yarışacaq güləşçilərimiz məlumdur
Türkiyənin İstanbul şəhərində keçiriləcək Dünya Olimpiya Təsnifat Turnirində iştirak edəcək Azərbaycan güləşçiləri müəyyənləşib.
Mediasport.az xəbər verir ki, ölkəmiz mayın 9-13-də təşkil olunacaq yarışda ümumilikdə 9 idmançı ilə təmsil olunacaq.
Yunan-Roma güləşi üzrə yığmada Murad Məmmədov (60 kiloqram), Rafiq Hüseynov (87 kiloqram), Murad Əhmədiyev (97 kiloqram) və Beka Kandelaki (130 kiloqram) yer alacaqlar.
Qadınların mübarizəsində Maria Stadnik (50 kiloqram), Gültəkin Şirinova (53 kiloqram), Alyona Kolesnik (57 kiloqram), Ruzanna Məmmədova (62 kiloqram) və Elis Manolova (68 kiloqram) qüvvəsini sınayacaq.
Yarışda ümumilikdə 54 lisenziya öz sahibini tapacaq. Reqlamentə əsasən, hər çəkidə finala çıxanlar və bürünc medalçılar arasında pley-off görüşünün qalibi “Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak hüququ qazanacaq.
Qeyd edək ki, Azərbaycanın sərbəst güləşçiləri Olimpiya çəki dərəcələrinin hər birində lisenziya əldə etdikləri üçün İstanbuldakı turnirə qatılmayacaqlar.