"İnter" və "Roma"da oynamış məşhur futbolçu özünü Azərbaycan klubuna təklif etdirib - RƏSMİ
"Raca Nainqqolanın transferi söhbəti var. Hazırda danışıqlar davam etdirilir".
Bu sözləri Mediasport.az saytına açıqlamasında "Karvan"ın baş məşqçisi Kənan Kərimov deyib.
1-ci Liqa klubunun çalışdırıcısı məşhur futbolçunun Azərbaycana gəlişinin real olduğunu vurğulayıb:
"Onu bizə öz meneceri təklif edib. Bu gün bizim elə büdcəmiz, maliyyə imkanımız yoxdur ki, xərc çəkib hansısa ulduz futbolçunu Azərbaycana gətirək. Amma transferdə onlar özləri maraqlıdırlar. Çox güman ki, komandamızın turnir cədvəlinin lideri olması onların diqqətini çəkib. Meneceri bizə deyib ki, Nainqqolanın ölkəmizə gəlmək istəyi var. Danışıqlarımız davam edir".
Xatırladaq ki, uzun illər "Roma" və "İnter" kimi İtaliya nəhənglərində forma geyinmiş belçikalı hazırda tarixi vətəni İndoneziyanın "Bayanqkara" klubunda çıxış edir.
Raca 2009-2018-ci illərdə Belçikanın əsas milli komandasında 30 oyun keçirib, 9 qol vurub.