Elxan Abdullayev: "İki qol buraxsaq da, vəziyyəti dəyişə bilərdik, lakin...

Elxan Abdullayev: "İki qol buraxsaq da, vəziyyəti dəyişə bilərdik, lakin...

“Yaxşı təşkil olunmuş komandaya qarşı oynadıq. Matçın əvvəlində bir neçə səhvə yol verdik və qol buraxdıq".

Mediasport.az xəbər verir ki, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Elxan Abdullayev deyib.

Mütəxəssis Avropa çempionatının seçmə mərhələsində 7-ci qrupun I turu çərçivəsində İslandiya yığması (0:2) ilə keçirilən oyunu şərh edib.

O, sona qədər vuruşacaqlarını bildirib:

"İkinci hissədə təşəbbüs tamamilə bizim tərəfimizdə idi. Rəqibin gücünə baxmayaraq, qol imkanlarında onları xeyli üstələyirdik. Məğlubiyyətin əsas səbəbini yaranan şansları qola çevirməməyimizdə görürəm. İki qol buraxsaq da, vəziyyəti dəyişə bilərdik. Lakin yetərincə qol imkanlarını dəyərləndirə bilmədik”.

Baş məşqçi qarşıdakı matça 3 xal qazanmaq üçün çıxacaqlarını söyləyib:

“Növbəti rəqibimiz İrlandiya millisidir. Birinci oyunda uduzmağımıza baxmayaraq, hələ də şanslarımız qalır. Qarşıdakı görüşdə sona qədər vuruşacağımıza inanırıq. Üç xal bizim üçün çox önəmlidir və meydana məhz bu məqsədlə çıxacağıq”.

Qeyd edək ki, U-19 millimizin İrlandiya ilə oyunu noyabrın 16-da, Bakı vaxtı ilə saat 14:00-da Moldovanın paytaxtı Kişinyovda yerləşən “Zimbru-2” stadionunda keçiriləcək.