"Əsas məqsədimiz sağlam idmanı təbliğ etməkdir" - İcraçı direktor
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə “Olimpiya çempionluğuna doğru: təmiz idmanda milli və qlobal baxışlar” adlı beynəlxalq elmi-praktik konfransda Avstriya, Almaniya, İngiltərə və digər ölkələrdən nümayəndələr iştirak edirlər.
Mediasport.az xəbər verir ki, Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadə açılış mərasimindən sonra jurnalistlərə açıqlama verib.
O, Azərbaycanda bu cür tədbirin ilk dəfə təşkil olunduğunu bildirib: "Qürurla demək istəyirəm ki, 2024-cü il Olimpiya ilidir. Burada bir çox ölkələrin nümayəndələri iştirak edirlər. Hətta konfransa onlayn qoşulanlar da var. Tədbirin davamı fevralın 23-də Qubada keçiriləcək. Əsas məqsədimiz sağlam idmanı təbliğ etməkdir".
Qeyd edək ki, konfrans Gənclər və İdman Nazirliyinin dəstəyi, AMADA və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı ilə keçirilir.