Federasiya rəsmiləri Astarada oldu
Azərbaycan Güləş Federasiyası (AGF) Astara Olimpiya İdman Kompleksini zəruri inventarla təmin edib.
Mediasport.az xəbər verir ki, hazırda kompleksdə 100-dən artıq oğlan və qız müxtəlif yaş qrupları üzrə 4 məşqçinin rəhbərliyi altında sərbəst güləşlə məşğul olur.
Astarada qadın güləşinə maraq artır. Bu məktəbin yetirmələri Nuray Cəfərli və Gülbacı Cavadova bu il ilk dəfə qadın güləşinin yer aldığı U-15 Azərbaycan çempionatında 42 kq-da finala yüksəliblər.
Olimpiya və 3 qat Avropa çempionu, AGF-nin İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev, olimpiya mükafatçısı, 3 qat dünya və 4 qat Avropa çempionu Hacı Əliyev, dünya üçüncüsü, U-20 milli komandanın məşqçisi Əşrəf Əliyev yerli məşqçilər və idmançılarla görüşüb.
Onlar kompleksin direktoru Aslan Ağayevlə bu regionda güləşin inkişaf perspektivlərini müzakirə edib. Gələn il Azərbaycan güləş tarixində ilk dəfə U-17 Azərbaycan çempionatının məhz Astara Olimpiya İdman Kompleksində keçirilməsi planlaşdırılır.