Milli komandalarımızın Bakıda təlim-məşq toplanışı davam edir
Güləş üzrə milli komandalarımız Bakıda təlim-məşq toplanışı keçir.
Mediasport.az xəbər verir ki, yunan-Roma və qadın güləşi üzrə yığmalarımızın toplanışı Dünya Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.
Yunan-Roma güləşi komandamız aprelin 25-dən taktiki-texniki çalışmalara başlayıb. Millimiz mayın 7-dək Güləş Federasiyasının təlim-məşq bazasında hazırlıq keçəcək.
Qadın güləşçilər məsul yarış ərəfəsində son toplanışa aprelin 28-də start verib. Xalça üzərində keçirilən məşqlər mayın 8-də yekunlaşacaq.
Olimpiadada tam heyətlə iştirak hüququ qazanan sərbəst güləş millimizin hazırlıq planı isə fərqlidir. U-23 Avropa çempionatına və Olimpiya Oyunlarına hazırlıq xarakteri daşıyan toplanışda daha çox fiziki gücün və dözümlülüyün artırılmasıyla bağlı çalışmalara üstünlük verillir. Aprelin 28-də başlayan toplanış çərçivəsində həftədə 2 dəfə taktiki-texniki məşqlər də keçirilir.
Qeyd edək ki, Dünya Olimpiya Təsnifat turniri 9-12 may tarixlərində İstanbulda təşkil ediləcək.
#wrestleaze #camping #photosession