"Hakim deyir, bilərəkdən olmayıb, kim kimi bilərəkdən vurur ki?

"Hakim deyir, bilərəkdən olmayıb, kim kimi bilərəkdən vurur ki?

"AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekerenin açıqlamasını oxudum. Açığı, mən dəqiq bilmirəm qaydalar nə deyir. Amma o epizod mənə görə qırmızı vərəqə idi".

Bu sözləri Mediasport.az saytına açıqlamasında "Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev deyib.

Təcrübəli müdafiəçi Premyer Liqanın 7-ci turunun "Araz-Naxçıvan"la ev oyununda baş vermiş qalmaqallı qayda pozuntusu haqda fikirlərini bölüşüb.

O, Ramon Maçadonun Roderik Millerə ciddi xəsarət yetirdiyini bildirib:

"Çox ciddi zədə ala bilərdi. Heyətimizin kasad, çempionatın gərgin vaxtıdır. Millerin hələ qarşıdakı turda oynayıb-oynamayacğını bilmirik. Həmin epizodda baş hakimə yaxınlaşıb dedim ki, bu, qırmızı vərəqədir. Elçin Məsiyev bildirdi ki, Maçado təpik vurana yaxın ayağını çəkdi.

Amma videotəkrara baxanda aydın görürsən ki, Maçado ayağını çəkməyib, təpik birbaşa sifətə dəyir. Keçən mövsüm bizim Faiq Hacıyevin buna yaxın epizodu olmuşdu, sürüşmə fəndində özünü saxlaya bilmədi, hakim birbaşa qırmızı vərəqə verdi".

Kapitan bu vəziyyətdə rəqib futbolçunun niyə meydandan qovulmamasını anlaya bilmədini vurğulayıb:

"Qaydalar nə deyir, baş açmaq olmur. Hansı futbolçu bilərəkdən, qəsdən kimisə yıxır? Hakim deyir, bilərəkdən olmayıb. Kim kimi bilərəkdən vurur ki?..

Bəs ilk hissədəki epizod? Rəqib futbolçu Faiq Hacıyevə konkret olaraq qəsdən çiyin vurub itələdi, zərbəsi sifətinə dəydi, ancaq hakim nəinki vərəqə verdi, ümumiyyətlə, qayda pozuntusu qeydə almadı".

Şəhriyar Əliyev məğlubiyyətə bəhanə gətirmədiklərini, matçda zəif təsir bağışladıqlarını qeyd edib:

"Komanda olaraq zəif çıxış etdik. Həftə ərzində daha yaxşı çalışmışdıq. Rəqibin necə oynayacağını bilirdik. Bəlkə də çempionatda ən zəif oyunumuzu keçirdik. Təəssüf ki, alınmadı, belə oldu. Səhvlərimizi analiz edib qarşıdakı görüşlərə daha yaxşı hazırlaşacağıq.

Futbol belədir, məğlubiyyətsiz komanda yoxdur, səhvlərimiz olacaq. Böyük komandalar bəlkə uduzmaya bilərlər, biz yeni-yeni formalaşan klubuq. Çalışıb səhvlərimizdən doğru nəticələr çıxarmalıyıq".

Mediasport.az