Qurban Qurbanov: "Sonadək mübarizə aparacaq, vuruşacağıq"
"Bakıda bir az fərqli nəticə gözləyirdik, amma rəqibin təhlükəli olduğunu bilirdik. Bakıdakı matçda da bildirmişdim ki, çox təhlükəli əks-hücumlara malik və nəticəyə oynamağı bacaran kollektivə qarşı oynayırıq".
Mediasport.az xəbər verir ki, bu sözləri 2Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Ludoqorets” (Bolqarıstan) - “Qarabağ” matçı öncəsi fikirlərini bölüşüb:
"Çox təcrübəli məşqçiləri var ki, bu komandanın qurulmasında onun rolu böyük olub. Ona böyük hörmətlə yanaşırlar, fikirlərini meydanda çox yaxşı icra edirlər. Bəlkə Bakıda daha yaxşı nəticə əldə edə bilərdik. Amma əksini də düşünmək lazımdır. Ola bilərdi ki, daha pis nəticə qeydə alınardı. Qarşılaşmadan sonra komandada ilk günlər bir az üzüntü oldu. Amma hamı başa düşdü ki, bu, futboldur və hələ heç nə itirilməyib. Bizim cavab oyunumuz, bu matçda daha yaxşı nəticə əldə etməyə şansımız var. Rəqib öz meydanında oynayır və çox səviyyəli komandadır. Yaxşı nəticə əldə etmək üçün çox güc sərf etməliyik və daha səliqəli, intizamlı, dəqiq oynamalıyıq".
Qurban Qurbanov komandasının hazırlığının pis keçmədiyini vurğulayıb:
"Lazım olan nəticəni əldə etmək üçün meydanda sonadək mübarizə aparacaq, vuruşacağıq. Çox istərdim ki, hətta məğlub olsaq belə, komanda meydanda yaxşı vuruşa, mübarizə apara bilsin. Buna inanıram. Komandanın hazırlığı pis deyil. İdeal formada olduğumuzu deməzdim. Amma oyundan-oyuna daha yaxşı oluruq və buna çalışırıq. Zədəli futbolçularımız Musa Qurbanlı və qapıçımız Şahruddin Məhəmmədəliyevdir. Digərləri matça hazırdır”.
Qeyd edək ki, bu gün keçiriləcək görüşə Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.
İlk oyun Bakıda keçirilib və "Ludoqorets" 2:1 qalib gəlib.