"Mənə təklif gəldikdən sonra ilk olaraq onunla əlaqə saxladım"
"Neftçi"nin yeni transferi Lukas Melano "Neftçi TV"yə müsahibə verib.
Mediasport.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi Bakı klubuna transferi və hədəfləri barədə danışıb.
"Hər şey çox tez baş verdi. Mənə zəng edib təklif olduğunu dedilər. Elə də çox vaxtım qalmamışdı. Çünki artıq transfer bazarı bağlanmaq üzrə idi.
Ailəmlə, sevdiyim xanımla danışdım. Məxsus olduğum klub tərəfindən də danışıq aparmağa razılıq var idi. Dediyim kimi, hər şey çox ani baş verdi. Buraya gəlmək üçün çox istəkli idim. Danışığın müsbət yekunlaşması məni sevindirdi. Azərbaycan, ölkə çempionatı və klub haqqında məlumatım var idi. Dostum burada oynamışdı, adı Xorxe Korreadır. Uşaq yaşlarında Argentinada birlikdə oynamışıq. Mənə təklif gəldikdən sonra ilk olaraq onunla əlaqə saxladım. Klub, insanlar, şəhər və çempionat haqda çox yaxşı sözlər dedi. Bu amil qərar verməyimdə mənə çox kömək oldu".
"Neftçi"nin yeni transferi kollektiv barədə də fikirlərini bildirib: "Özümü çox yaxşı formada hiss edirəm. Keçən həftə keçmiş klubumla oyuna çıxmışam. İstirahət etmək üçün yalnız üç günüm oldu. İlk günümü ailəmlə buraya gəlməyə sərf etdim. Sözün həqiqi mənasında əla kollektiv ilə rastlaşdım. Çox yaxşı insanlardır. Komandada mükəmməl futbolçular toplanıb. Bunu dərhal hiss etmək olur. Komanda şəklində əzmkar çalışmalıyıq ki, gözəl nəticələr əldə edə bilərik. Burada olduğum üçün çox xoşbəxtəm. Stadionda azarkeşlərlə bir-birimizi tez bir zamanda tanımağımız üçün səbirsizlənirəm. Ümid edirəm ki, hamımız üçün uğurlu mövsüm olar və birlikdə vacib nailiyyətlər qazanarıq".
"Neftçi" Melano ilə 1+1 illik müqavilə imzalayıb.