Mikayıl Cabbarov Dünya Güləş Birliyinin prezidenti ilə görüşüb
Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Mikayıl Cabbarov Dünya Güləş Birliyinin rəhbəri Nenad Laloviç ilə görüşüb.
Mediasport.az xəbər verir ki, M.Cabbarov bu barədə "X" hesabında paylaşım edib.
O, Azərbaycanda güləşə dövlət səviyyəsində diqqətin olduğunu bildirib:
"Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç ilə görüşdə ölkəmizdə güləşə dövlət səviyyəsində yüksək şəraitin yaradıldığı, idmançılarımızın nüfuzlu beynəlxalq yarışlarda əldə etdiyi qələbələr qeyd olundu.
Azərbaycanda təşkil olunan mötəbər idman yarışlarının vacibliyinə toxunaraq, hazırda Bakıda keçirilən Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinin önəmini vurğuladıq".
Qeyd edək ki, Azərbaycanın yunan-Roma və qadın güləşçiləri Milli Gimnastika Arenasında təşkil olunan lisenziya yarışında uğursuz çıxış ediblər.
Turnirdə bu gün sərbəst güləççilərimiz mübarizə aparırlar.