"Milli komandada keçirdiyim ən uğursuz matçlardan biri idi"
İsveç milli komandasının yarımmüdafiəçisi Emil Forsberq AVRO-2024-ün seçmə mərhələsinin Azərbaycanla səfər matçı haqda açıqlama verib.
Mediasport.az xəbər verir ki, Almaniya Bundesliqasında "Leypsiq"in formasını geyinən təcrübəli futbolçu millimizə 0:3 hesablı məğlubiyyətin əsas səbəbini erkən qol buraxmalarında gördüyünü bildirib.
32 yaşlı Forsberq deyib ki, qısa zamanda 2 top buraxaraq Azərbaycan yığmasının işini asanlaşdırıblar:
"Oyunu çox zəif keçirdik. 6-cı dəqiqədə 0:2 hesabı ilə geri düşməklə özümüzü pis vəziyyətdə qoyduq. Həmin anlarda rəqibə təzyiq etmədik. Bu nəticə hamımıza böyük məyusluq yaratdı. Fasilədə vəziyyəti kökündən dəyişəcəyimizə söz versək də, Azərbaycan yığmasına yenə təzyiq göstərə bilmədik. Millidə keçirdiyim ən uğursuz matçlardan biri idi".
Qeyd edək ki, bu qələbədən sonra millimiz yer aldığı F qrupunda İsveçlə xallarını bərabərləşdirib.