Samir Əliyev: "Uşaqlar meydanda əllərindən gələn hər şeyi etdilər"
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Serbiya ilə baş tutan oyundan sonra (0:2) açıqlama verib.
Mediasport.az xəbər verir ki, çalışdırıcı yetərincə qol epizodları yaratsalar da, fərqlənə bilmədiklərini söyləyib:
"Belə məğlubiyyətdən sonra danışmaq bir az çətindir. Uşaqlar meydanda əllərindən gələn hər şeyi etdilər, döyüşdülər, yetərincə qol vəziyyətləri yaratdıq. Komandamız heyətində yüksək səviyyəli futbolçular olan rəqibə qarşı çox yaxşı mübarizə apardı. Futbolçuların hər birinə təşəkkürümü bildirdim".
Mütəxəssis "Qarabağ"ın hücumçusu Nəriman Axundzadənin penaltidən yararlana bilmədiyi üçün məyus olduqlarını bildirib:
"Lüksemburqla oyunda da penaltini Nəriman yerinə yetirmişdi. O, daha təcrübəlidir. Həm avrokuboklarda, həm çempionatda daha çox şans qazanır. Qol vursaydı, daha da ruhlanardıq, davamı gələ bilərdi. Amma olmadı. Əsas olan odur ki, futbolçular meydanda döyüşdülər və göstərdilər ki, futbol oynaya bilirlər. Çox bəhanələr axtarmaq istəmirəm".