"Neftçi"nin Baş icraçı direktoru: "Özünüz görürsüz nələr baş verir"

"Neftçi"nin Baş icraçı direktoru: "Özünüz görürsüz nələr baş verir"

"Transferlə bağlı ciddi axtarışda deyilik. Demək olar ki, komanda formalaşıb, hər mövqe üzrə rəqabət var. Lakin məşqçilər korpusunu qane edən sərbəst agent statuslu futbolçu olsa, heyətə cəlb edə bilərik".

Bu sözləri Mediasport.az saytına açıqlamasında "Neftçi"nin Baş icraçı direktoru Fərrux Mahmudov deyib.

Klubun əsas idarəçisi "Neftçi"yə yeni gələn futbolçulardan gözləntilərini açıqlayıb: "İstərdim ki, onlar komandaya tam uyğunlaşıb meydanda sözlərini desinlər. Bu, bütün futbolçulara aiddir. Komandanın ayrılmaz hissəsi olsunlar, meydana elə çıxsınlar ki, sankı sonuncu oyunlarına çıxırlar".

F.Mahmudov Premyer Liqanın kifayət qədər gərgin keçdiyini bildirib: "Çempionatda asan rəqib, asan oyun yoxdur. 5 tur geridə qalıb, özünüz də görürsüz nələr baş verir. Bütün oyunlar çətindir, bütün komandalar güclüdür. Hər bir oyuna psixoloji və fiziki cəhətdən tam hazır olmalıyıq".

Qeyd edək ki, "Neftçi" 5 turdan sonra 2 qələbə, 2 heç-heçə və 1 məğlubiyyətlə 8 xal toplayıb. 3-cü pillədə qərarlaşan "ağ-qaralar" lider "Zirə"dən 4 xal geri qalırlar.