"Qarabağ"ın ardıcıl iki oyunda uduzması heç yadıma gəlmir"
"Bizi çətin oyunun gözləyəcəyini bilirdik. "Qarabağ" Premyer Liqanın ilk oyununda uduzmuşdu"
mediasport.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının 2-ci turunun "Qarabağ"la səfər oyunundan sonra "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov deyib.
Gənc çalışdıcı Ağdam klubuna 0:3 hesablı məğlubiyyəti belə şərh edib:
"Son zamanlar "Qarabağ"ın ardıcıl iki oyunda uduzması heç yadıma gəlmir. Bu gün aqressiv olacaqlarını da düşünürdük. Heyətlərində də gözlədiyimiz dəyişikliklər edilmişdi. Baxmayaraq ki, onları üç gün sonra çətin oyun gözləyir. İlk yarıda temp yüksək idi, epizodlarımız da var idi. Təsəssüf ki, birinci hissədə ucuz səhvə yol verdik. "Qarabağ"la oyunda edilən səhvlər baha başa gəlir. İkinci yarıda hesab bizi irəlidə oynamağa məcbur edirdi. Ancaq top itkisindən sonra rəqibin hücumunun qarşısını ala bilmədik. Fərdi ustalıq öz sözünü dedi. Biz hələ işin başlanğıcındayıq, oyunlar vacibdir. Yeni oyunçular adaptasiya olacaqlar. "Qarabağ"ı təbrik edirəm. Qarşıdakı oyunlara hazırlaşacağıq, artırmalıyıq".
Abbasov Tovuz təmsilçisinin hədəfləri və yeni transferlər barədə sualları da cavablandırıb: "Premyer Liqada ikinci ilimizdir. Daha yaxşı olmaq, inkişaf etmək istəyirik. Rəqiblərlə başabaş futbol oynamaq niyyətindəyik. Slaviki transfer etdik, daha bir futbolçu istəyirdik. Qarşıdakı günlərdə rəhbərliklə danışacağıq. Axtarışlarımız davam edir. İstədiyimiz olsa, cəlb edə bilərik. Bəzi mövqelər var ki, rəqabətin olmasından yanayıq. Bu, həm müdafiə, həm də orta xətdir".