"Sabah" üzərində qələbə də qazana bilərdik, nəticəni sürpriz saymıram"
"Şamaxı" Azərbaycan Premyer Liqasının 16-cı turunda səfərdə "Sabah"la 1:1 hesablı heç-heçə edib.
mediasport.az xəbər verir ki, qonaq komandanın baş məşqçisi Vüqar Əsgərli oyun haqda fikirlərini bildirib, sonra jurnalistlərin suallarını cavablandırıb:
- "Sabah" kimi komandaya qarşı oynamaq çox çətindir. Matça itkilərlə çıxmışdıq. Meydanda olan futbolçular taktiki tapşırıqları düzgün yerinə yetirdilər. "Sabah" möhtəşəm komandadır. Buna baxmayaraq, müdafiə planında da istədiklərimizə nail ola bildik. Sevinirəm ki, uğurlu seriyanın davamı gəlir. Hər dəfə deyirik ki, özümüzə inanmalıyıq. Potensialımız var. Biz futbol komandasından çox bir ailəyik. Futbolçular bütün matçlarda 90 dəqiqə layiqli mübarizə aparıblar. Onlara təşəkkür edirəm.
Heç-heçəni sürpriz nəticə hesab edək, yoxsa komandanın real gücü buna imkan verir?
- Şamaxıda olan ilk oyunda da görürdük ki, heç də sürpriz nəticəyə oxşamır. Həmin matçın əlavə vaxtında standart vəziyyət zamanı diqqətsizlikdən qol buraxdıq. Bu gün istədik ki, səhv etməyək. Hətta qələbə də qazana bilərdik. Uğurlu seriyanın ardı sürpriz ola bilməz.
Bu nəticə komandanın növbəti oyunlara motivasiya olmasına necə təsir edəcək?
- Əvvəl məğlubiyyətlərdən sonra futbolçuları toparlamaq çətin idi. İndi xallar qazandıqdan sonra onları hazırlamaq daha rahat olur. Futbolçular bura niyə gəldiyimizi bilir. Qarşıda uzun marafon var. Hədəfimiz böyükdür. Bu oyun bitdi, "Zirə" ilə görüşə hazırlaşacağıq.