"O, komanda udanda da, uduzanda da eyni xarakterdə olur"
"Filmi çox bəyəndim. Çünki orada Qurban Qurbanovun həm məşqçi, həm də insan kimi xarakterini və vətənpərvərliyini izlədik".
Mediasport.az xəbər verir ki, bu sözləri Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova həsr olunmuş “Stadionlar səssiz olanda” filminin təqdimat mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edib:
"Filmdə bir çox detala fikir verdim. Qurbanov oyunçularına çox önəm verir, onlar üçün xeyli əziyyət çəkir. İdman oyunlarında kollektiv yaratmaq olduqca çətin işdir. O, komanda udanda da, uduzanda da eyni xarakterdə olur. Film bunu çox yaxşı şəkildə göstərir. Hesab edirəm ki, ekran işi həm gənc məşqçilərə, həm futbolçulara, həm də idmansevərlərə motivasiya verəcək”.