Orxan Məmmədovdan ÖZƏL MÜSAHİBƏ: "Zirə" avrokuboklar uğrunda mübarizə aparacaq"
"Zirə" Futbol Klubunun Müşahidə Şurasının sədri və fəxri prezidenti Orxan Məmmədov "Qarabağ"la görüşdən sonra mediasport.az saytına müsahibə verib.
"Zirə" tarixi ərzində "Qarabağ" üzərində ilk qələbəsini qazandı. Bu barədə nə deyə bilərsiniz?
- Klub rəhbəri kimi çox şadam. Əlbəttə ki, bu, tarixi qələbədir. Tariximiz ərzində ilk dəfə "Qarabağ"a qalib gəldik. Əminəm ki, bu qələbə mövsümboyu bizi stabil və başqa qələbələrə aparacaq.
Bu qələbəyə görə komandaya mükafat veriləcək?
- Əlbəttə. Onu daxildə qərarlaşdıracağıq.
Sizcə, "Zirə" bu tempi sonadək davam etdirə bilər?
- İnanırıq. Bildiyiniz kimi, bu il rəqabət çox güclüdür. Əsas rəqiblərimiz olan 2-ci, 3-cü, 4-cü yerləri bölüşə biləcəyimiz komandalar da güclənib. Çalışacağıq ki, bu rəqabətə tab gətirək. Transfer pəncərəsi də bağlanmayıb. Yeni oyunçularla daha da güclənəcəyik.
Faktiki danışıq apardığınız futbolçular var?
- Bəli, var. Məşqçi heyəti danışıq aparır. Ayın sonuna kimi danışıqlar gedəcək.
Oyundan əvvəl komandaya mükafat vəd etmişdiniz?
- Xeyr. Biz ümumən oyunqabağı mükafat demirik. Adi haldır ki, böyük rəqibləra qarşı oyunlarda mükafat olur. Dünən də komanda ilə görüşmüşdüm. Həm biz, həm futbolçular qarşılarına əsas məqsəd kimi mükafatı qoymur. Məqsədimiz meydanda gözəl futbol göstərməkdir.
Çempionluq uğrunda mübarizə apara bilərsiniz?
- Yox. Reallığı görək. Biz avrokuboklar uğrunda mübarizə aparacağıq. İnanıram ki, bu il bu şansımız olacaq.
Komanda ilə görüşünüz mövsümün başlaması ilə bağlı idi, yoxsa "Qarabağ"la matçla əlaqəli?
- Əlbəttə ki, mövsümün başlaması ilə bağlı idi. Yeni oyunçular gəlib. Mən mütəmadi olaraq komanda ilə görüşürəm. Məqsəd yeni futbolçuları salamlamaq və qarşıdakı planları bölüşmək idi.
Elvin ƏHƏD