"Huner Group" "Turan Tovuz"la 4.5 illik sponsorluq müqaviləsi bağladı
Turan Tovuz" ilə "Huner group" arasında əməkdaşlıq (sponsorluq) müqaviləsi imzalanıb.
mediasport.az saytının Tovuza ezam olmuş əməkdaşı xəbər verir ki, tədbirdə "Huner Group"un təsisçisi Ehtiram Quliyev, "Turan Tovuz"un İdarə heyətinin sədri Rəşid Məhərrəmov və Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev iştirak edib.
İmzalanma mərasimini Rəşid Məhərrəmov açıq elan edib. Qonaqları və media nümayəndələrini salamlayan sədr Türkiyədə baş verən zəlzələ ilə əlaqədar qardaş ölkəyə başsağlığı verib. Komandanın tarixi uğurlar barədə danışan Rəşid Məhərrəmov müstəqillik dövründə Azərbaycan futbolunun inkişafından və Tovuz təmsilçisinin bu inkişafda rolu barədə fikirlər səsləndirib. "Turan Tovuz" klubunun 9 ildən sonra Premyer Liqaya qayıtması münasibətilə sədr bu işdə əziyyəti keçən hər kəsə öz təşəkkürünü bildirib. Rəşid Məhərrəmov burada Futbolun inkişaf fondunun da rolu olduğunu vurğulayıb.
Klubun yaradıcısı Vidadi Əhmədov isə öz çıxışında bu əməkdaşlığın uğurlu olacağını diqqətə çatdırıb. Kluba verilən belə töhfələrin komandanın və ümumilikdə Tovuz futbolunun inkişafında xüsusi rola malik olacağını qeyd edib. Sonda Vidadi Əhmədov layihə iştirakçılarına öz təşəkkürünü bildirib.
Futbolun inkişaf fondunun icraçı direktoru Tural Piriyev sözügedən sponsorluq müqaviləsinin, atılan bu addımın uzunömürlü olması üçün seçildiyini vurğulayıb. FİF rəhbəri Bu tərəfdaşlığın digər bölgələrdə futbolun inkişafına təsir göstərəcəyinə ümid etdiyini bildirib.
"Huner Group"un təsisçisi Ehtiram Quliyev nitqini Türkiyədə baş verən zəlzələ ilə başlayıb. Komandaya və ümumilikdə Azərbaycan futboluna dövlət dəstəyindən danışan Ehtiram Quliyev Tovuz təmsilçisinin tarixi inkişafında sözügedən faktorların danılmaz olduğunu qeyd edib.
Sonda "Huner Group" təsisçisi Ehtiram Quliyev, FİF icraçı direktoru Tural Piriyev və "Turan Tovuz"un idarə heyətinin sədri Rəşid Məhərrəmovun iştirakı ilə imzalanma mərasimi keçirilib. Tərəflər arasında 4.5 illik anlaşma imzalanıb.