Qurban Qurbanov cari mövsüm Avropada uduzmayan kluba gedib

Qurban Qurbanov cari mövsüm Avropada uduzmayan kluba gedib

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyaya yollanıb.

Bu barədə məlumat İTV-də yayımlananan "Bol idman" verilişinin fraqmentində paylaşılıb.

Təcrübəli mütəxəssis səfər çərçivəsində "Bayer" klubunun baş məşqçisi Şabi Alonso ilə görüşəcək.

Q.Qurbanov ispaniyalı çalışdırıcının məşq metodları ilə yaxından maraqlanaraq "əczaçılar"ın düşərgəsində təcrübəsini artıracaq.

Leverkuzen təmsilçisi bu mövsüm UEFA Avropa Liqasının qrup mərhələsində "köhlən atlar"ın rəqibi olub.

Almaniya klubu evdə keçirilmiş görüşdə 5:1, Bakıda isə 1:0 hesablı qələbələr qazanaraq qrupu xal itirmədən - lider başa vurub.

Bundesliqada da lider olan "Bayer" cari mövsüm Avropanın aparıcı çempionatları daxil məğlubiyyət üzü görməyən yeganə komandadır.

"Aspirinlər" sonuncu dəfə 2023-cü il iyulun 29-da yoldaşlıq görüşü çərçivəsində "Real Sosyedad"a uduzublar.

Qeyd edək ki, Ağdam təmsilçisi pley-offa qrup ikincisi kimi yüksəlib və fevralın 15-i və 22-də Portuqaliyanın "Braqa" klubu ilə qarşılaşacaq.

Mediasport.az