PFL-in yeni saytı yaradıldı

  PFL-in yeni saytı yaradıldı

Peşəkar Futbol Liqasının yeni saytı istifadəyə verilib.

Mediasport.az xəbər verir ki, minimalist üslubda, xüsusi dizaynda hazırlanan saytda hər liqanın öz pəncərəsi var və hər birində özünəməxsus rənglərdən istifadə olunub.

Sayta daxil olarkən ilk olaraq Premyer Liqa səhifəsi açılır. Səhifədə cari turun oyunlarını görmək mümkündür. Matçların əks olunduğu hissənin üzərinə toxunuş etdiyiniz zaman hər oyunda baş verən hadisələr xüsusi infoqrafika vasitəsilə göstərilir. 

Oyunların aşağısındakı 36 rəqəm turlara işarədir. Klubların loqolarına toxunuş edildikdə isə məlumatlarla zəngin nəfis tərtibata şahid ola bilərik. Ardınca xəbər manşeti gəlir. 

Manşetin aşağı hissəsində Premyer Liqanın turnir cədvəli təqdim olunur. Ətraflı düyməsini seçməklə eyni səhifədə Azərbaycan çempionatlarının istənilən mövsümünün turnir cədvəlini izləmək mümkündür.

Cədvəlin sağında bombardirlər siyahısında ilk üçlük şəkilləri və adları ilə təqdim olunur. Bombardirlər siyahısının alt hissəsindəki ətraflı düyməsi bölmə haqqında daha müfəssəl informasiya almaq üçündür. 

Səhifənin davamında son turun icmallarını, həmçinin oyunlardan fotoalbomları görə bilərik. "Yüzlər klubu"nda Azərbaycan çempionatlarında ən çox qol vuran, ən çox oyun keçirən, həmçinin bir klubda ən çox matç keçirmiş futbolçuların siyahısını və göstəricilərini görürük. 

Xüsusi məqam Azərbaycan futbolu tarixində ilk dəfə olaraq Peşəkar Futbol Liqasının rəsmi saytında klublarımızın avrokubok çıxışları haqda məlumatların arxivinin yaradılmasıdır.  

Sosial lövhədə PFL-in "Facebook" və "Instagram" sosial şəbəkələrindəki müxtəlif paylaşımlarını görə bilərik.

Daha bir yenilik PFL-in akkreditasiya qeydiyyatı ilə bağlıdır. Belə ki, ilk dəfə olaraq bu müraciətlər tam olaraq onlayn şəkildə həyata keçiriləcək.

Saytın Azərbaycan Kuboku turnirinə aid "kubok" bölməsində oyunların olduğu əsas səhifə ilə yanaşı, "Sxem" bölməsinə toxunuş edərək ölkə kubokunun ümumi sxeminə baxmaq mümkündür.

Yeni saytda 1-ci Liqa, 2-ci Liqa və Əvəzedicilər liqası pəncərələrinin xəbər manşeti eyni olsa da, digər bölümlər hər liqanın özünə məxsus olacaq. Saytın əsas səhifəsindən fərqli olaraq bu turnirlərin əsas səhifələrində onların videoicmallarının paylaşıldığı "1-ci Liqa / 2-ci Liqa" "YouTube" kanalı yerləşdirilib. 

1-ci Liqa, 2-ci Liqa və Əvəzedicilər liqası pəncərələrinin klublar, komandaların sifarişləri, bombardirlər səhifələrinin dizaynları saytın əsas səhifəsinin dizaynının ümumi vəhdətini pozmamaqla bərabər, ondan fərqlidir.